Bu gün dünyada birja bütün anlamlarda çökür. İnvestorların əksəriyyəti bir müddətdir FED-in gecikmiş faiz qərarından şikayətlənirdilər. Yaponiya birjasında olan kəskin düşmələr qırmızı siqnalı artıq keçən həftə vermişdi. Bu gün isə ümumi Asiya birjasında kəskin düşmələr var. Hətta Brentdə də mobillik başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
“ABŞ-nin işsizlik məlumatlarına görə müavinətlər 77 ABŞ dollarına enmişdi, indi isə bu rəqəm 75,47, gündəlik itki isə 1,49% təşkil edir. 2015-ci ildə ABŞ-nin ixrac qadağasının götürülməsi və WTI-nin neft emalı zavodlarında mövqeyinin artması ilə neftdə bildiyimiz qaydalar sarsılmağa başladı”, – deyə məlumatda deyilir.
“Qiymətlərə OPEC+ son hasilatı qərarının da təsiri də var. Əgər indi FED növbədənkənar iclas keçirməyə qərar verərsə və faiz dərəcələrini aşağı salarsa, bu, daha pis ola bilər. Dünya fövqəladə qərarların daha pis vəziyyətlərə səbəb olduğunu əvvəllər də görüb. Ucuz Yaponiya birjasında borc və daşıma ticarəti başa çatıb. FED müdaxilə etməsə, artıq bu maliyyə böhranına səbəb ola bilər. Amma, böyük ehtimal, FED müdaxilənin zamanlamasını özü müəyyən edəcək”, – deyə məlumatda qeyd olunur.
Kanal yazır ki, səhmlərdə enişə səbəblər Yaponiyanın xarici aktivlərin əsas strukturunda baş verən problemlər, Amerika iqtisadiyyatının getdikcə kövrəkləşməsi, Yaxın Şərqdə böyük müharibə gözləntiləri, İngiltərədəki hadisələrin Almaniya və Fransaya yayılma ehtimallarıdır:
“Bu hadisələr Neft Fondunda olan ehtiyatlara kəskin şəkildə təzyiqləri artır. Əgər Orta Şərqdə regional konflikt olmazsa, neftin qiymətinin ümumi tendensiyanı izləyərək, kəskin aşağı düşəcəyi gözlənilir. Hələ Çində olan bankların və inşaat sektorunun böyük çöküşü gerçəkləşməyib – bu da gözləniləndir.”
Bundan əlavə, qeyd olunur ki, neftin qiymətinin mümkün enişi Azərbaycan iqtisadiyyatına və manata olan təzyiqləri də artıra bilər.
“Rusiya üçün də vacib olan neftin mümkün qiymətidir. Çünki son dövrlər neft bazarında qiymət artımı “Ural” markalı neft üçün endirimləri azaldıb. Əgər neft eniş edərsə, bu Rusiya iqtisadiyyatına müəyyən təzyiqlər yarada bilər”, – deyə bildirilib.
Rafi Müslümov
www.yenicag.az