Dünya iqtisadiyyatının Azərbaycana təsiri: “Bu rüsumu gəlir mənbəyi kimi göstərmək…” – İqtisadçı

“Bu gün Azərbaycanda xərclər gəlirləri üstələyir”.

Bu sözləri ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin bahalaşmasına toxunan iqtisadçı Fuad İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iqtisadi əlaqələrin sağlamlaşdırılması və inhisarçılıq hallarının davam etməsi istehlakçıların maddi itkiylə üzləşməsinə səbəb olur:

“Ölkədə idxalı əvəz edəcək yerli istehsal olmadığına görə dünya iqtisadiyyatında baş verən bahalaşma Azərbaycana da təsirsiz ötüşmür. Bahalaşma fonunda gömrük rüsumunu planlaşdırmaq, bu rüsumu dövlət büdcəsində gəlir mənbəyi kimi göstərmək sağlam yanaşma deyil. Sağlam gəlir mənbəyi vergi ödənişləri ola bilər. Lakin bunun üçün sağlam istehsal mühiti yaradılmalıdır.

Digər tərəfdən, ölkəmizdə bazar mühitində kifayət qədər inhisarçılıq hökm sürür və şəffaflıq yoxdur. Bu isə istehlakçıların müəyyən çətinliklərlə üzləşməsinə yol açır. Bu gün Azərbaycanda xərclər gəlirləri üstələyir. Bakı şəhəri halqasına daxilolma məhz ərzaq məhsulları ilə təmin olunarsa, bu halda yerli ərzaq məhsullarının qiymətində kəskin ucuzlaşma baş verər. Məsələ bundadır ki, indiki şəraitdə kəndlilər öz məhsullarını Bakıya gətirib çıxara bilmirlər. Bu gün təşkil olunan yarmarkalarda da qiymətlər bahadır. Bu, onu göstərir ki, iqtisadi zəncirin sağlamlaşdırılmaması istehlakçılara zərbə vurur”.

Gülşən Şərif