“PKK-nın tərksilah edilməsi tək sözdə yox, əməldə də olmalıdır” – Türkiyə üçün YENİ DÖVR BAŞLAYIR
“PKK-nın tərksilah edilməsi tək sözdə yox, əməldə də olmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat qeyd edib ki, PKK yaraqlılarının məskən salacağı hər ölkə təhlükə altında olacaq:
“PKK-nın ləğvi Türkiyədə yeni siyasi mərhələnin başlanması deməkdir. Qardaş Türkiyə uzun illərdir terrorçuluqla mübarizə aparır. Bu qərarın terrorsuz Türkiyə ilə nəticələnəcəyinə ümid edirik. İlk növbədə, silahların susması təbii ki, müsbət haldır. Tərksilah yalnız sözdə yox, əməldə də olmalıdır. PKK-nın həm də siyasi, sosial və ideoloji fəaliyyətlərini dayandırması vacibdir”.
Müsahibimiz əmindir ki, indi əsas məsələ təhlükəsizliyi təmin etmək, PKK-nın uzantılarının yaranmasına yol verməməkdir:
“Terrorçular hara gedəcəklərsə, orada təhlükə olacaq deməkdir. Əgər doğrudan da Avropaya üz tutacaqlarsa, “qoca qitə” təbii ki, bu təhlükənin qarşısının alınması yollarını tapmalıdır. Təəssüf ki, terrorçu harada varsa, orada dəhşət var, günahsız sivillərin ölümü var. Bu mənada, qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Terrorçuluqla mübarizə hər zaman prioritetdir. Heç bir halda PKK-nın yenidən təşkilatlanmasına yol vermək olmaz”.
Yenicag.az