Dünya nizamının ABŞ təhlükəsi: Qərb xəyanəti qəzəblə qarşılayır
Artıq bir ildən çoxdur, Kanada həyatını bürümüş Amerikaya qarşı müqavimət hissi, nəhayət, Qərbin qalan hissəsinə də yayılıb. Baş nazir Mark Karninin keçən ay Davosdakı çıxışının əsas mesajı kanadalılar üçün yeni deyildi. Aprel ayındakı seçkilərdən dərhal sonra cənab Karni bəyan etmişdi ki, Birləşmiş Ştatlarla olan köhnə münasibətlərimiz, yəni getdikcə artan inteqrasiyaya əsaslanan əlaqələr artıq bitib. Davosda isə bu reallıq həm onunla, həm də Kanada ilə tam üzləşdi.
Yenicag.az xəbər verir ki, bu, “New York Times”ın təhlil məqaləsində qeyd olunub.
Bildirilib ki, ötən il ərzində bir çox avropalı siyasətçinin Donald Trampın hay-küyü qarşısındakı mövqeyi, bu cəfəngiyyatın bitməsini gözləmək və mümkün olduqda onu sakitləşdirmək idi, lakin Karninin çıxışı elə bir vaxta təsadüf etdi ki, həmin mövqe artıq dözülməz hala gəlmişdi: Trampın Qrenlandiyanı zorla ilhaq etmək barədə güclənən hədələri, habelə Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyinə döyüşüb həlak olan NATO qoşunlarını təhqir etməsi buna sübutdur:
“Onun “Onlar bir az geridə, ön cəbhədən kənarda dayanırdılar” ifadəsi Avropada “Mən berlinliyəm” və “Cənab Qorbaçov, bu divarı uçurun” kimi tarixi ifadələrlə bir sırada — dövrün Amerika ruhunu təcəssüm etdirən prezident sözü kimi xatırlanacaq. Birdən-birə cənab Trampın ərazi genişləndirməyə yönəlmiş düşüncəsiz həvəsi və başqalarını alçaltmaq istəyi artıq gözardı edilə bilməzdi”.
Müəllif vurğulayıb ki, Kanada üçün Amerikanın bu hörmətsizliyi və təhdidləri artıq adi hala çevrilib:
“ABŞ-nin Kanadadakı səfiri Pit Hukstra sanki, ilk növbədə, “təhqir maşını” kimi təyin edilib və əsas vəzifəsi ev sahiblərini hər fürsətdə alçaltmaqdır. (Onun Trampın Kanadanın Amerikanın 51-ci ştatı olması barədəki fikirlərinə qəzəblənən kanadalıara məsləhəti belə olub: “Bunu unudun və yolunuza davam edin”). ABŞ rəsmilərinin Alberta separatçıları ilə görüşməsinə dair son ifşalar göstərdi ki, Tramp administrasiyası Kanadanın parçalanması ideyasından hələ də əl çəkməyib. Kanadanın son bir ildə acı təcrübə ilə öyrəndiyi kimi, qonşuları hədələmək avtokratiya meyilli liderlərin bariz xüsusiyyətidir”.
Vurğulanıb ki, Karninin çıxışı sadəcə diaqnoz qoymaqla bitməyib, o həm də çıxış yoluna işarə edib. ABŞ prezidenti Qrenlandiyadan əl çəkdi, çünki Danimarka və müttəfiqləri oraya daha çox qoşun yerləşdirdilər. O, yanvar ayında yeni tarif hədələrindən geri çəkildi, çünki Avropa İttifaqı “ticarət bazukası” kimi tanınan “Məcburetmə Əleyhinə Alət”i tətbiq etməyi müzakirə edirdi. Dərs budur: Amerika sizə silah doğrultmuş ola bilər, amma siz də ona silah doğrultsanız, o özünü ədəbli aparmağa məcbur olar.
Bir ildir ki, Kanada həyatının bütün institutları Amerikanın avtoritarizmə yuvarlanmasına hazırlaşmaq üçün sürətlə istiqamət dəyişir. Asiya bazarına çıxış üçün yeni ticarət kəmərləri tikilir. Ordunun Amerikanın ehtimal olunan işğalına qarşı Əfqanıstandakı mücahidlərdən ilhamlanan partizan taktikaları ilə müqavimət planları hazırladığı bildirilir. Keçmiş yüksək rütbəli müdafiə rəsmisi deyib ki, kanadalılar nüvə silahı məsələsində “seçimlərini açıq saxlamalıdırlar”. Hətta Kanada mərkəzli media məzmunu da burada artmaqdadır.
Nəşr qeyd edib ki, digər ölkələr də oxşar istiqamətdə hərəkət edirlər. İstehlakçılara Amerika məhsullarını boykot etməyə kömək edən və hələ 2025-ci ilin əvvəlində Kanadada yaradılan tətbiqlər indi Danimarka və İsveç kimi yerlərdə populyarlaşır:
“Bu, əbəs yerə deyil. Kanadanın bir çox əyalətinin Amerika içkilərini rəflərdən yığışdırması ilə 2025-ci ildə ABŞ-dən Kanadaya spirtli içki ixracı 85 faiz azalıb və “Jim Beam” burbon istehsalçısı Kentaki zavodlarından birində istehsalı müvəqqəti dayandırıb. Nifrət güclü iqtisadi və geosiyasi qüvvədir”.
Müəllifin fikrincə, Amerikanın təcavüzü ilə Amerikanın tənəzzülü eyni şeyin iki tərəfidir:
“Cənab Karni Kanadanın elektrikli vasitə sənayesini gücləndirmək üçün bir sıra tədbirlər elan edərkən heç kəs Amerikanın bu sahədə rəqabət apara biləcəyini iddia etmədi. Bu sənayedə vergi güzəştlərini ləğv etməklə Tramp Amerika elektrikli avtomobilinin gələcəkdə tarixə çevrilməsini, demək olar, təmin etdi. Amerika rəqabət aparmamağa qərar verib; o, sadəcə poza verməyə üstünlük verir. Əgər siz Amerikanın nüfuz dairəsinə (və ya cənab Trampın milli təhlükəsizlik aparatının bunu necə adlandırmasından asılı olmayaraq) inteqrasiya edirsinizsə, deməli, siz özünüzü keçmişə bağlayırsınız”.
Qeyd olunub ki, Amerika, eyni zamanda, “təhlükəli gözlənilməzlik”lə sinonimə çevrilir. Konstitusiya sistemi çökür, həm Demokratlardan, həm də Respublikaçılardan ibarət qanunverici orqan fəaliyyətsizdir, Ali Məhkəmə mücərrəd hüquqi məsələləri müzakirə edərkən ölkəni 250 il bir arada tutan hüquqi nizam rüsvayçı bir sona doğru sürüklənir. Artıq heç kim Amerikanın nə olduğunu bilmir – nə amerikalılar özləri, nə düşmənləri, nə də dostları.
“Bu gün azadlığımıza və demokratiyamıza təhlükə yaradan Çin deyil, Rusiya deyil. Amerikadır”, – məqalədə vurğulanıb.
Sonda buildirilib ki, Qərb hiss etdiyi xəyanətin qəzəbə çevrilməsini yaşayır. Dünya həm öz zəifliyini, həm də öz dəyərini anlamağa başlayır: “Amma gec olması heç olmamasından yaxşıdır: İndi hamımız kanadalıyıq”.












