“COP29 tədbiri keçirildiyi zaman bütün dünyanın gözü Azərbaycanda olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında beynəlxalq iqlim tədbiri olan COP29-un Bakıda keçirilməsinin ölkəmiz üçün geosiyasi və qlobal əhəmiyyətindən danışan politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, bu tədbirin ümumilikdə yanaşdıqda yalnız Azərbaycan yox, həmçinin region üçün böyük əhəmiyyəti var.
“COP 29-u təkcə beynəlxalq iqlim tədbiri kimi görmək olmaz. Bunu həmin ölkənin ali rəhbərliyinə hörmət və etibar kimi qiymətləndirmək lazımdır. Eyni zamanda, siyasi cəhətdən mühüm xarakter daşıyır. 80 mindən çox insan və dünya ölkələri liderlərinin iştirakı bunu deməyə əsas verir. Elə bir ölkə yoxdur ki, COP tədbirlərinin öz ölkəsində keçirilməsini arzulamasın”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, ilk olaraq həmin tədbirin keçirildiyi ölkələrdə əsas olaraq ictimai-siyasi vəziyyətin təhlil olunduğunu nəzərə almaq lazımdır.
“Yəni təhlükəsizlik və ictimai asayişi qoruyan hüquq-mühafizə orqanlarının fəaliyyəti yüksək səviyyədə olmalıdır.
Tədbirin keçirildiyi zaman bütün dünyanın gözü Azərbaycanda olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya əhəmiyyətli liderdir. Onun sözü imzası qədər dəqiq və etibarlıdır.
Azərbaycan dünyada suverenliyi bərpa edən yeganə ölkələrdən biridir. Ərazi bütövlüyü təmin olunduqdan sonra ölkəmizdə bu tədbirin keçirilməsinə icazə verilməsi və təhlükəsizlik baxımından inamın olması böyük dəyərin göstəricisidir. Bu inamın və dəyərin qazanılması isə bir, yaxud beş günün işi deyil. Azərbaycan daim sülhsevər mövqeyi ilə hər zaman qonşularla əmin-amanlıq içində yaşamağı üstün tutub”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az