Dünyanın ortasında "SÜNİ GÜNƏŞ": Çin enerji yarışında tarixi addım atır
Çin “süni günəş” adlandırılan nüvə füzyon reaktorları ilə qlobal enerji yarışında liderliyini möhkəmləndirir. Pekin rəhbərliyi 2027-ci ildə dünyanın ilk özünü qidalandıran füzyon reaktorunu və elektrik enerjisi istehsal edən ilk sistemi işə salmağı hədəfləyir.
Yenicag.az xəbər verir ki, təmiz və limitsiz enerji mənbəyi uğrunda beynəlxalq rəqabət sürətlənərkən, Çin nüvə füzyon texnologiyasında inqilabi bir mərhələyə qədəm qoyur. Günəşin nüvəsindəki təbii reaksiyaları təqlid edən bu texnologiya enerjinin gələcəyini kökündən dəyişməyə hazırlaşır.
Çinin Plazma Fizikası İnstitutu tərəfindən idarə olunan ən qabaqcıl füzyon layihəsi – “Deneysel İleri Süperiletken Tokamak” (EAST) Günəşin temperaturundan 6 dəfə yüksək istilikdə işləmək qabiliyyətinə malikdir. Planlara görə, EAST 2027-ci ildə ilk “füzyon alovlandırma” sınağını keçirəcək. Bu sınaq uğurlu olarsa, reaktor xarici istilik mənbəyinə ehtiyac duymadan plazmanı daxilində stabil saxlaya bilən dünyanın ilk “özünü davam etdirən” qurğusu olacaq.

Xatırladaq ki, EAST 2025-ci ilin yanvarında 100 milyon dərəcə istilikdə dünya rekordunu yeniləyərək, yüksək sıxlıqlı plazmanın sabit qalmasını praktik şəkildə sübut edib.
Çinin əsas hədəfi olan “Yanan Plazma Deneysel Süperiletken Tokamak” (BEST) reaktoru isə artıq ön plana çıxır. 2027-ci ildə inşasının başa çatması gözlənilən bu nəhəng qurğu, bəşəriyyət tarixində füzyon reaksiyasından kommersiya məqsədli elektrik enerjisi istehsal edən ilk reaktor olmağa namizəddir. Pekin bununla kifayətlənməyərək, 2030-cu ilə qədər həm füzyon, həm də fisyon reaksiyalarını bir arada istifadə edən dünyanın ilk nüvə stansiyası “Xinghuo”-nu fəaliyyətə salmağı planlaşdırır.
Çin bu texnologiyaya nəhəng investisiyalar yatırır. 2025-ci ilin iyulunda yaradılan “China Fusion Energy” dövlət şirkətinə dərhal 2,1 milyard dollarlıq vəsait ayrılıb. Artıq kritik komponentlərin istehsalında da tam müstəqilliyə nail olan Pekin, Qərb dünyasının bürokratik və texniki əngəllərlə üzləşdiyi bir dövrdə sürətli və mərkəzləşdirilmiş yanaşması ilə qlobal yarışda rəqiblərini geridə qoyur.
Dünya miqyasında füzyon layihələrinə ayrılan büdcə 15 milyard dolları keçsə də, Çinin bu sahədəki “mərkəzləşdirilmiş hücumu” enerjinin gələcəyini məhz Şərqin müəyyən edəcəyini göstərir.
Ayşən













