“Düşünürlər ki, təxribat törədib toqquşmaya səbəb olmaqla...” – Ermənistan “qan-qan” DEYİR
“Ermənistan son dövrdə yalnız müdafiə xarakterli yox, hücum məqsədli silahlar da əldə edib”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, İrəvanın sərhəd təxribatları ilə bağlı fikirlərini bildirərkən qeyd edib ki, Ermənistan Azərbaycanın bir qarış torpaq belə qaytarmayacağını yaxşı anlayır.
“Xüsusilə şərti sərhədboyu ərazilərdə silahlı qüvvələrimiz möhkəmlənib. Bütün strateji nöqtələr nəzarətimiz altındadır. Hətta elə ərazilər var ki, müxtəlif xəritələrlə müqayisə etdikdə ermənilər oradan kilometrlərlə geri çəkilməlidirlər. Təəssüf ki, bunu bildikləri halda məhz həmin mübahisəli ərazilərdə müdafiə istehkamları quraşdırıblar. Sözügedən yerlərdən lazım olacağı təqdirdə hücuma keçməyi də planlaşdırıblar. Həmçinin elə nöqtələr var ki, məhz həmin yerləri ələ keçirmək niyyətindədirlər”.
N. Həmzəyevin fikrincə, Ermənistan siyasi hakimiyyəti bilir ki, danışıqlar yolu ilə istəklərinə nail ola bilməyəcək:
“Bu səbəbdən hiyləgər plan qurublar. Düşünürlər ki, təxribat törədib toqquşmaya səbəb olmaqla Azərbaycanı şirnikləndirib özlərinə qarşı çəkəcəklər. Nəticədə isə hücum edib həmin əraziləri götürəcəklər. Birmənalı olaraq ermənilər bu variant üzərində hazırlıq görürlər. Həmçinin atəşkəsin pozulmasının səbəblərindən biri bəlkə də budur”.
“Nəzərə almaq lazımdır ki, Ermənistan son dövrdə yalnız müdafiə xarakterli yox, hücum məqsədli silahlar da əldə edib. Başda Fransa təşəbbüsü ilə ermənilərə məhz hücum məqsədləri üçün nəzərdə tutulan silahlar göndərilib. Strateji hədəflərin ələ keçirilməsi Ermənistanın əsas hədəflərindən biridir. Azərbaycan bunları çox yaxşı bilir, ona görə də onların hər bir addımları analiz edilir. Həm havadan, həm də qurudan daim izləmə altındadırlar. Vəziyyət tam nəzarətdədir. Azərbaycan qətiyyən toqquşmanın baş verməsinə imkan verməyəcək. Əgər Ermənistan bunda israrlı olarsa, silahlı qüvvələrimiz bunun qarşısını mütləq alacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli