Edamdan sonrakı DİPLOMATİYA: Tehran Bakı ilə münasibətləri xilas EDƏ BİLƏCƏKMİ?
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirilən silahlı hücumun əsas fiquru – İran vətəndaşı Yasin Hüseynzadə dünən səhər saatlarında edam edilib. Bu addım ilk baxışda ədalətin təntənəsi kimi təqdim olunsa da, arxa planda İran-Azərbaycan münasibətlərindəki mürəkkəb dinamikanın yeni istiqamətə yönəldiyini göstərən mühüm bir siqnaldır.
Hücum və diplomatik münasibətlərə zərbə
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində səhər saatlarında Yasin Hüseynzadə “Kalaşnikov” avtomatı ilə silahlanaraq Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş, mühafizə rəisi Orxan Əsgərovu qətlə yetirmişdi. Hadisə zamanı səfirliyin digər əməkdaşları Vasif Tağıyev və Mahir İmanov yaralanmışdı. Rəsmi Bakı isə bu hücumu təkcə bir terror aktı kimi deyil, dövlət səviyyəsində təhlükəsizlik zəmanətinin pozulması kimi qiymətləndirmişdi.
İran nəhayət geri çəkilirmi?
Hücumun ardınca Azərbaycan tərəfi Tehrandakı diplomatik nümayəndəliyini boşaltmış, Tehranla münasibətlərdə ciddi gərginlik yaranmışdı. İran tərəfinin ilkin mövqeyi isə hadisənin “ailədaxili münaqişə” motivi ilə törədildiyini iddia etməsi olmuşdu ki, bu da rəsmi Bakının və Azərbaycan cəmiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Amma görünür, İran bu dəfə fərqli strategiya seçməyə çalışır. Hücumçunun edam edilməsi İran hakimiyyətinin məsuliyyəti üzərinə götürmək və Bakı ilə münasibətlərdə yaranmış gərginliyi yumşaltmaq niyyətində olduğunun göstəricisidir. Tehran bu addımı ilə həm region ölkələrinə, həm də Qərbə “diplomatik missiyaların toxunulmazlığını təmin edirəm” mesajı verməyə çalışır.
Buzlar əriməyə başlayır, amma…
Son aylarda İranın Azərbaycanla münasibətləri normallaşdırmaq üçün müəyyən diplomatik jestlər etdiyini müşahidə etmək mümkündür. Məsud Pezeşkianın ölkəmizə səfəri, səfirliyin bərpası, nəqliyyat və enerji əməkdaşlığında aparılan danışıqlar, habelə regiondakı geosiyasi maraqların toqquşmasını tənzimləmək üçün Tehran-Bakı xəttində yeni platformaların yaradılması bu baxımdan diqqət çəkir. Lakin bütün bu proseslərin arxasında Tehran hakimiyyətinin səmimi olub-olmaması məsələsi açıq qalır. Azərbaycan ictimaiyyəti və siyasi dairələri üçün əsas sual da budur: İran bu dəfə doğrudan da konstruktiv yanaşmanı seçib, yoxsa bu sadəcə taktiki manevrdir?
Edamdan sonrakı diplomatiya
Yasin Hüseynzadənin edamı hüquqi baxımdan bir cinayətə verilmiş cəza kimi görünsə də, siyasi kontekstdə bu, İranın özünü beynəlxalq arenada təmizə çıxarma və Azərbaycanla münasibətləri bərpa etmə cəhdinin bir hissəsidir. Ancaq bu cəhdlərin real nəticə verməsi üçün Tehran rejiminin sözlə deyil, əməli addımlarla etimad yaratması vacibdir.
Azərbaycan üçün isə bu hadisə bir daha göstərdi ki, diplomatik nümayəndəliklərin təhlükəsizliyi, qonşuluq siyasətində etimad və şəffaflıq prinsipləri sadəcə bəyannamələrlə deyil, konkret davranış modelləri ilə təsdiqlənməlidir.
Rafi Müslümov