Ətin qiymətində ciddi artım gözlənilir - SƏBƏBLƏR AÇIQLANDI

media-hightechnic-468x90

“Gələn ilin əvvəllərindən etibarən ət qiymətlərində ciddi artım gözlənilir”.

media-3111

Bunu Yenicag.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

O, heyvanlarda yaranan dabaq xəstəliyinin bahalaşmaya mümkün təsirindən danışıb.

Ekspert bildirib ki, heyvanların dabaq xəstəliyinə yoluxması nəticəsində müəyyən fəsadlar baş verir:

“Heyvanların sayı azalmaqla yanaşı xəstəlik ümumilikdə məhsuldarlığın azalmasına da səbəb olur. Əvvəllər orta hesabla gündə heyvanda 500–600 qram ət çəkisi artımı müşahidə olunurdusa, indi əksinə, çəki itkisi baş verir. Bu da onunla bağlıdır ki, xəstəliyə yoluxmuş heyvanların ağızlarında yaralar əmələ gəlir, nəticədə onlar yem qəbul edə bilmir. Nəticədə heyvanlar çəkisini itirir, kəskin şəkildə arıqlayır. Belə olan halda ət istehsalının həcmi və keyfiyyəti azalır.

Son statistikaya baxsaq, görərik ki, ölkəyə ət idxalı azalıb. Lakin diri heyvanların idxalı 2,3 dəfə artıb. Bu onu göstərir ki, Azərbaycanda xəstəliyin təsiri nəzərə alınaraq, kəsim üçün daha çox diri heyvan xaricdən gətirilir. Belə ki, əgər ötən ilin 9 ayında diri heyvan idxalının dəyəri 55 milyon dollar idisə, indi bu rəqəm 130 milyon dolları keçib”.

Ekspert qeyd edib ki, ölkəyə ət idxal edən sahibkarlar bazar vəziyyətini düzgün qiymətləndiriblər:

“Onlar bilirlər ki, ət istehsalı azalacaq və buna görə də kəsim üçün diri heyvanların idxalını artırıblar. Hazırda diri heyvan idxalının artırılması məqsədəuyğun hesab edilir. Hökumət də çalışır ki, qiymətlərin kəskin artmasının qarşısını alsın. Ola bilsin ki, yaxın dövrdə diri heyvan idxalı bir qədər də artırılsın. Lakin daxili istehsal azalacaq.

Əgər bir müddətdən sonra digər dövlətlər də diri heyvan ixracına məhdudiyyətlər qoyarsa vəziyyət daha da çətinləşə bilər. Çünki təkcə dabaq xəstəliyi deyil, digər ölkələrdə də müxtəlif heyvan xəstəlikləri yayılmaqdadır.

Bütün bunlar nəticəsində Azərbaycanda ət qiymətlərinin artması qaçılmaz olacaq. Ölkəyə gətirilən dondurulmuş ət isə vəziyyəti tam kompensasiya edə bilmir. Çünki dondurulmuş ətin əsas alıcıları ictimai iaşə müəssisələridir. Əhali isə adətən təzə kəsilmiş heyvanın ətinə üstünlük verir. Buna görə də bütün səylərə baxmayaraq, gələn ilin əvvəllərindən etibarən ət qiymətlərində ciddi artım gözlənilir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa