Azərbaycanın regional strategiyasında yeni mərhələ başlayır – ŞƏRH
Zəngəzur dəhlizinin açılmasından sonra Orta Dəhliz xəttində inteqrasiya praktik mərhələyə keçəcək.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O, Prezident İlham Əliyevin Astanaya səfərinin əhəmiyyətindən danışaraq bildirib ki, Prezident İlham Əliyevin Astanaya səfəri Azərbaycanın regional və qlobal strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir:
“Səfərin əsas məqsədləri Orta Dəhlizin möhkəmləndirilməsi və Azərbaycanın Avrasiyada tranzit mərkəzi kimi rolunun gücləndirilməsidir.
Azərbaycanın hədəfi təkcə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi deyil, həm də türk dövlətləri arasında vahid güc mərkəzinin formalaşdırılmasıdır. Bu, Qəbələ Zirvəsində səsləndirilən “türk dünyasının birləşməsi” ideyasının davamıdır və regionda qütbləşmənin artdığı şəraitdə orta güc balansını yarada bilər.
Bakı və Astananın müzakirə etdiyi əsas mövzulara Xəzərin ekoloji problemləri, Ermənistanla sülh prosesində Astana platformasının rolu və AZAL təyyarə qəzası ilə bağlı istintaqın gedişi daxildir. Səfər, həmçinin, Zəngəzur dəhlizinin açılmasından sonra Orta Dəhliz xəttində inteqrasiyanın praktiki mərhələyə keçidini göstərir”,- deyə o bildirib.
Nəsimi Ələsgərli