Ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə mütərəqqi islahatlar aparılır, son illər ədliyyə sisteminin müasirləşdirilməsinə xidmət edən mühüm qərarlar qəbul olunub, bir çox nailiyyətlər əldə edilib.
Yenicag.az xəbər verir ki, ədliyyə sahəsində islahatların davamlılığının təmin olunması məqsədilə dövlət başçısının 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Dekabrın 27-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.
Kollegiyada çıxış edən nazir müstəsna əhəmiyyətə malik olan Dövlət Proqramının möhtərəm Prezidentimizin ədliyyə sisteminə böyük diqqət və qayğısının növbəti təzahürü olduğunu vurğulayıb, proqramın bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin gələcək inkişafında “yol xəritəsi” olmaqla ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir tələblərə uyğun təşkilinə, əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, bu orqanlara müraciət imkanlarının asanlaşmasına və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəyini qeyd edib.
İclasda Dövlət Proqramı ilə Ədliyyə Nazirliyinin üzərinə qoyulan vəzifələrin, o cümlədən işin müasirləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, innovativ texnologiyaların və elektron sistemlərin geniş tətbiqi, şəffaflığın artırılması ilə bağlı və digər tədbirlərin vaxtında və mütəşəkkil icrasının təşkilinə dair konkret tapşırıqlar verilib.
Kollegiyada Nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.
Bildirilib ki, dövlət başçısının “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyi 2018-ci il cümhuriyyətimizin, həmçinin Azərbaycan ədliyyəsinin 100 illiyi ilə əlamətdar olub. Bu münasibətlə Nazirlik tərəfindən silsilə tədbirlər təşkil olunub, o cümlədən “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans keçirilib, ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı xüsusi kitab və film, digər nəşrlər və maarifləndirici vasitələr hazırlanıb.
İclasda ədliyyə fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı görülən tədbirlər qeyd olunaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş “Notariat haqqında” Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı vurğulanıb. Bu məqsədlə səyyar notariat çantası, elektron ədliyyə köşkü və mobil notariat qovluğu hazırlanıb və dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin açılışı zamanı ölkə Prezidentinə nümayiş etdirilib.
Mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu olan mediasiya institutunun yaradılması üzrə görülən tədbirlər, o cümlədən bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq, qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsinə dair layihələrin hazırlanması barədə məlumat verilib, habelə məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, o cümlədən normativ bazanın təkmilləşdirilməsi məqsədilə bu sahəni tənzimləyən İcra Məcəlləsinin layihəsinin hazırlanması diqqətə çatdırılıb.
Eyni zamanda Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası çərçivəsində ədliyyə fəaliyyətində şəffaflığın təmin edilməsi, ictimai iştirakçılığın tətbiqi, elektron xidmətlərin dairəsinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə görülən işlərdən danışılıb, Nazirliyin beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə toxunularaq cari ildə bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin ölkəmizə səfərlərinin və imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına töhfə verdiyi vurğulanıb.
Bununla yanaşı, kollegiyada qarşıda duran vəzifələr müzakirə olunaraq, növbəti ildə prioritet istiqamətlər üzrə görüləsi tədbirlər müəyyən edilib, o cümlədən “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin sürətləndirilməsi, əhalinin elektron normativ bazalara əlçatanlığının yaxşılaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, cəzaların icrası, tibb və ekspertiza sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərə dair və digər konkret tapşırıqlar verilib.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb./Report/
www.yenicag.az