ƏDV çeklərini başqası VURA BİLMƏYƏCƏK: “Bunu vergi orqanlarının qadağan etməsi doğru deyil”
“ƏDV-yə edilən yeni dəyişikliklər qanuna uyğun deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, hüquqşünas Xəyal Bəşirov bildirib.
Ekspert hesab edir ki, fərdlərin başqalarına etibar etdiyi ƏDV çeklərinə qadağalar tətbiq edilməsi doğru qərar deyil:
“ƏDV qəbzlərinin sistemə yüklənməsi ilə bağlı məlumat yayılıb. Belə ki, başqalarına aid olan ƏDV qəbzlərinin digər şəxslər tərəfindən sistemə yüklənməsi, başqa şəxslərin o qəbzdən yararlanması prosesinin qarşısının alınacağı ilə bağlı bu yaxınlarda fikir səsləndirildi. Əslində, birinci məsələ bu prosesin necə nəzarət altına alınmasıdır. Yəni vergi orqanları bu şəxslərin başqa şəxslər tərəfindən yüklənməsini necə müəyyənləşdirəcəklər? Həmin qəbzlərin yükləyən şəxsə aid olub olmamasını hansı formada müəyyən edəcəklər? Bu əsas maraqlı sualdır”.
“Bunun qadağan edilməsinə qalanda düşünürəm ki, ƏDV-yə sahib olan şəxslərin hüquqlarına aid olan bir məsələdir. Məsələn, mən alış-veriş edirəm, həmin alış-verişdən mənə qəbz verilir, həmin qəbzdə ƏDV-nin sistemə yüklənməsi ilə bağlı hüquq yalnız mənə aid olur. Əgər mən bundan imtina edirəmsə, könüllü şəkildə kiminsə bu qəbzin yüklənməsinə razı oluram. Bunu vergi orqanlarının qadağan etməsi doğru deyil. Çünki bu qəbzin sistemə yüklənməsi mənim hüququmdur, mən isə bu hüququmdan kiminsə xeyrinə imtina edirəmsə, dövlət qurumunun bunun qarşısını alması mənim kiməsə etibar etdiyim hüququn qarşısının alınması deməkdir”, – deyə o, əlavə edib.
Hüquqşünas bəzi mağaza şəbəkələrinin qanunsuz olaraq qəbz verməkdən imtina etməsindən də bəhs edib:
“Biz bilirik ki, bəzən qanunsuz formada bəzi marketlərdə qəbzlər verilmir və ya bu qəbzlər müxtəlif formalarda digər şəxslər tərəfindən ələ keçirilir və qanunsuz şəkildə yararlanılır. Əgər kimsə bundan qanunsuz istifadə edərsə, düşünürəm ki, buna da nəzarət etmək o qədər də real görünmür. Bəlkə də belə bir mexanizm formalaşdırarlar, amma bu halda belə hər hansı şəxs könüllü şəkildə öz qəbzini sistemə yükləmək üçün digər şəxsə verirsə, bunun qarşısını almaq qanuna uyğun deyil”.
Nurlan Cəfəri