Efir səhnəsinin tənəzzülünün səbəbləri… – Ekspert rəyi

media-hightechnic-468x90

yenicag_efirQulu Məhərrəmli: “Qanunda göstərilib ki, balanslaşdırılmış verilişlər verilməlidir”

Azər Həsrət: “Maarifləndirici verilişlər bir qədər cansıxıcı formada təqdim edilir”

Teleefir məkanında maarifləndirici verilişlərin olmaması və yaxud az olması cəmiyyətdə geniş tənqid olunur. Amma bunun müqabilində televiziyalarda şou xarakterli verilişlər üstünlük təşkil edir ki, onların da çoxu  həddən artıq bayağı olması ilə seçilir. Bu barədə nə qədər deyilsə də, məsələ düzəlməyə doğru istiqamət götürməyib. Əksinə, getdikcə daha da pisləşir. Efir səhnəsinin aşağı düşməsinə səbəb nədir? Problem nədən qaynaqlanır və həll yolları hansılardır?

Televiziya mütəxəssisi Qulu Məhərrəmli Yenicag.az-a bildirdi ki, telekanalların pul qazanmaq ehtirası onları şou xarakterli verilişlərə daha çox önəm verməyə sövq edib: “Maarifçilik xüsusiyyətlərini öyrətmək televiziyanın  ilkin funksiyalarından biridir.  Televiziya yaranandan bu funksiya bizim məkanda keçən əsrin 90-cı illərin ortalarına qədər onunla yanaşı gedib. Amma kommersiya qaydaları və havasının televiziyalara dərindən nüfuz etməsi maarifçi verilişləri sıxışdırıb proqramdan çıxarıb. Televiziyaların bir çoxu öyrədici proqramları, ən aşağısı dil proqramlarını  öz yayım siyasətindən təəssüf  ki, sıxışdırıb çıxarıblar. Bunun səbəbi də televiziyaların pul qazanmaq etirasıdır, qarşıya qoyulan missiyadan müəyyən qədər üz döndərmələri və cəmiyyətin bu günki problemlərinə, xüsusən dünyagörüşü, mədəniyyət məsələlərinə bir qədər kənardan yanaşmalarıdır. Onun başqa səbəbi yoxdur.  Çıxış yolu isə teleradio yayımı haqqında qanunda göstərilib ki, balanslaşdırılmış verilişlər verilməlidir. Kommersiya televiziyalarını bu mənada başa düşmək olar. Onlar pul qazanmaq istəyir. Amma büdcədən maliyyələşən kanallar maarifçiliyə ciddi diqqət yetirməlidirlər. Bu baxımdan mədəniyyət kanalının qarşısında ciddi vəzifələr dayanır. Bu ənənələri dirçəltmək tamaşaçılara fayda verərdi”.

Ekspert Azər Həsrətin fikrincə, əsas məsələ ondan ibarətdir ki, tamaşaçı bir qayda olaraq əyləncəli və şou xarakterli verilişlərə daha çox meyl edir: “Çünki belə verilişlər adətən yorucu olmur, tamaşaçını özünə daha çox cəlb edir. Bu baxımdan da tamaşaçılar həmin sayaq verilişlərə daha çox önəm verir. Bəzi kanallarda az sayda olsa da, maarifləndirici verilişlər görürəm. Amma bu verilişlər bir qədər cansıxıcı formada təqdim edilir. Elə bil ki, auditoriyada oturub mühazirəyə qulaq asırsan. Belə verilişlər geniş auditoriyaya xitab ediləcək səviyyədə deyil. Belədə, istər-istəməz ən təmkinli adam o verilişlərə baxa bilmir. Maarifləndirici verilişlərin sayını artırmaq üçün onların formatı üzərində işləmək lazımdır. Bu zaman maarifləndirici-əyləncə formasından istifadə etmək olar. Yəni tamaşaçı həm əylənsin, həm də onlarda həyəcan yarada biləcək hərəkətlərin şahidi olsunlar. Bütün televiziya kanallarının rəhbərləri deyir ki, onları belə verilişlər açmağa əngəlləyən amillərdən biri reklam problemidir. Reklam verənlər bir qayda olaraq daha çox geniş auditoriyaya hesablanmış verilişlərə reklam verir. Maarifləndirici verilişlərsə cansıxıcı olduğundan ona az adam baxır. Bu da reklam verənlər üçün əlverişli deyil. Reklam verənləri bu mənada həvəsləndirmək üçün format üzərində işləməliyik”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600