Norveçdən Azərbaycana uzanan aliment dramı: I qrup əlilin pensiyasının 70%-i tutulur - ŞİKAYƏT
Azərbaycanda I qrup əlil olan şəxs aliment məbləğinin real gəlirinə və sağlamlıq vəziyyətinə uyğun olmadığından şikayətçidir.
Yenicag.az-a müraciət edən Mirzəyev Mehman Çaparoğlu 10 ildən artıq davam edən məhkəmə prosesi ilə üzləşdiyini bildirir:
“2007-ci ildən ailəmlə birgə bir müddət Norveçdə yaşamışam. Daha sonra Azərbaycana qayıdaraq 2014-cü ildə rəsmi şəkildə həyat yoldaşımdan boşanmışam. Boşanmazdan öncə keçmiş həyat yoldaşım aliment tələb etmişdi. Qaradağ Rayon Məhkəməsi əsassız olaraq məndən 1000 manat məbləğində aliment tutulmasına qətnamə çıxarmışdı, lakin həmin iddiaya Ali Məhkəmə instansiyasında 500 manat aliment tutulması qərarı qəbul etmişdi. Halbuki, həmin vaxt mənim gəlirim yox idi, sağlamlığım pisləşmişdi, sol dizimdə infeksiya yaranmışdı və işləmək qabiliyyətimi itirmişdim.
2016-cı ildə Norveçdə əməliyyat keçirdim, lakin orada qala bilmədiyim üçün Azərbaycana qayıtdım və xəstəliyim daha da ağırlaşdı. Buna baxmayaraq, aliment məbləği dəyişdirilmədi, halbuki qanuna görə aliment şəxsin real gəlirinə uyğun müəyyən olunmalıdır”.
Mehman Mirzəyev bildirib ki, o, alimentin tam dayandırılmasını deyil, yalnız azaldılmasını tələb edib:
“2017-ci ildə mənə III qrup, 2019-cu ildə isə I qrup əlillik dərəcəsi verildi, yəni mən tam şəkildə əmək qabiliyyətimi itirmiş sayılıram. Buna baxmayaraq, məhkəmələr aliment məbləğini əvvəl 100 manat, sonra 170 manat kimi müəyyən etdilər. Hətta pensiyamdan tutulan məbləğlərin hesablanmasında da ciddi uyğunsuzluqlar oldu. Mən ödənişlərin qəbzlərini təqdim etmişəm, lakin onların bir hissəsi (xüsusilə 6000 manatlıq ödəniş) nəzərə alınmayıb və bu səbəbdən üzərimdə əsassız olaraq 20 mindən artıq borc göstərilib”.
İddiaçının sözlərinə görə, keçmiş həyat yoldaşının yalanları ilə bağlı cinayət işi açılması üçün də ədalətsiz qərarlarla üzləşib:
“Bundan başqa, keçmiş həyat yoldaşımın mənə qarşı yalan məlumatlar yayması ilə bağlı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) üzrə xüsusi ittiham qaydasında şikayət etmişəm. Lakin bu şikayətlərim də qəbul edilməyib. Məhkəmələr bildiriblər ki, guya sübutlarım yetərli deyil, halbuki mən şahid ifadələri, rəsmi sənədlər və Norveçdən alınmış vergi bəyannamələrini təqdim etmişəm. Hətta məhkəmələrdə yeddi ailə üzvüm şahid kimi ifadə verərək, qarşı tərəfin yalan danışdığını təsdiq ediblər. Buna baxmayaraq, hakimlər qanuna zidd qərarlar qəbul ediblər və şikayətlərim təmin edilməyib.
Hazırda mənim pensiyam 650 manatdır, onun da 70 faizi, yəni təxminən 450 manat aliment borcu kimi tutulur. Mənim iki azyaşlı uşağım var və bu vəziyyətdə nə özümə, nə də uşaqlarıma normal şərait yarada bilirəm. Buna görə də məhkəməyə müraciət etmişəm ki, təqsirləndirilən şəxsin böhtan atdığına görə cinayət məsuliyyətinə cəlb edilməsinə qərəzsiz, ədalətli və qanunauyğun şəkildə baxılsın və yataq xəstəsi olduğum dövrdə haqsız olaraq, bir uşağa görə 500 manatdan yığılan aliment borcunun Ailə Məcəlləsinin 107-2ci maddəsinə görə ləğv edilməsinə qanunauyğun şəkildə baxılsın. Lakin məhkəmə prosesləri uzanır və nəticə əldə edilmir”.












