EkoAvrasiya Vəqfindən Türk bayrağına qarşı təxribatla bağlı SƏRT BƏYANAT
Türkiyənin nüfuzlu qeyri-hökumət təşkilatlarından olan EkoAvrasiya Vəqfi, Nusaybin–Qamışlı sərhəd xəttində Türk bayrağına qarşı həyata keçirilən təxribatla bağlı ictimaiyyətə bəyanat yayıb.
Vəqfin açıqlamasında bildirilib ki, ötən gecə şəhidlərin müqəddəs qanını simvolizə edən şanlı Türk bayrağına qarşı törədilən bu alçaq hərəkət qətiyyətlə pislənilir. Qeyd olunub ki, müstəqilliyin və suverenliyin əsas rəmzi olan bayrağa uzanan çirkli əllər Türk millətinin sarsılmaz iradəsi və dövlətin gücü qarşısında məhv olmağa məhkumdur.
Bəyanatda bu həyasız təxribatı törədənlərə və onların arxasında dayanan qaranlıq mərkəzlərə xəbərdarlıq edilib:
“Türk milləti öz müqəddəslərinə yönələn heç bir təhdidi indiyə qədər cavabsız qoymayıb və bundan sonra da qoymayacaq”.
EkoAvrasiya Vəqfi, həmçinin dövlətin müvafiq qurumları tərəfindən dərhal istintaqa başlanıldığını, hadisəni törədənlər barəsində hüquqi prosedurların ciddi şəkildə icra olunduğunu məmnunluqla izlədiklərini bəyan edib. Bildirilib ki, ölkənin sabitliyinə, birliyinə və bayrağına əl uzadanlar hüquq və vicdan qarşısında ən ağır cəza ilə üzləşəcəklər.
Bəyanatın sonunda vurğulanır ki, şanlı Türk bayrağı əbədi olaraq göylərdə dalğalanacaq, ona əl uzadanlar isə tarixin zibilliyində yox olub gedəcəklər. Vəqf bu açıqlaması ilə Türk bayrağına qarşı istənilən təxribatın qətiyyən qəbulolunmaz olduğunu və buna qarşı hər zaman sərt mövqe nümayiş etdiriləcəyini bir daha ortaya qoyub.
Qeyd edək ki, EkoAvrasiya Vəqfinin sədri Hikmət Ərəndir.
Amir Aqiloğlu












