!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçibəy, Hacı Nuran və çarəsiz "Poni" - Səbuhi Mübarizoğlu yazır

!Reklam – Yazi

Hardasa 90-cı illərin ortaları idi. Rəhmətlik atam bütün qohum-əqrabalarını, dostlarını Göyçədən qaça-qaçda başına toplamış, hər birinə gözəl yaşayış şəraiti yaratmışdı. Təxminən 4-cü sinifdə oxuyurdum, artıq ibtidai siniflə sağollaşmalıydım. Atam iş dalınca Ukraynaya getməli oldu. Orda yaranan ciddi sıxıntılara görə 1 aylıq səfər 1 ilə qədər uzanmışdı. Şəxsən mənimçün bu bir il yox, bir əsrə bərabər idi. Sinif rəhbərim Simuzər müəllimə elan verdi ki, “vinetka” hazırlanacaq, şəkil çəkdirilməlidir, hər kəs gözəl geyinməli və 1 “şirvan” da pul gətirməlidir. Yaxşı yadımdadır, hər kəs sinfi tərk etdi, mən tək qaldım, 2 saatdan çox sistemsiz şəkildə fikirləşirdim, 10 yaşlı beynimlə çıxış yolu axtarırdım. Bilmirdim, olub-keçənləri başa düşmürdüm, axı 1il qabaq atamın Göyçədən dartıb gətirdiyi yüzlərlə insan az qala salam vermək üçün növbəyə düzülürdü. İndi mən niyə 1 “şirvan” tapa bilmirəm? “Şirvan” cəhənnəmə, axı mən nə geyinəcəm?

Ən böyük dərd isə hər gün 5 uşağı necə yedizdirəcəyini dərd edən gözəl, rəhmətlik ANAMa bunları necə deyəcəm?
Yaşım az idi, amma bu 1 il məni 40 yaşlı insan kimi düşünməyə vadar etmişdi. Böyük qardaşımın köhnə köynəyini, kostyumunu geyindim, ayağıma isə geyinməyə heç nə tapmadım. Sürmədə bir “krasovka” gördüm, düzdür altı qopmuş, ölçüsü kiçilmişdi, dəxli olmasa da dabanını əyib kostyumla geyindim. Anam da səsini çıxarmırdı, sadəcə çörəyin arasına pendir, şor qoyub gözü dola-dola məktəbə yola saldı. Heç bir kəlmə belə niyə belə geyindiyimi, niyə məktəbə tez getdiyimi soruşmadı. Ana ürəyidi, bilirəm ki, ürəyimi əzbər bilirdi, bütün mənzərəni gözlərindən oxuyurdum.

Əllərindən öpüb düzəldim 14 nömrəli məktəbə. Simuzər müəllimə bütün uşaqların geyimlərinə baxdı, sonra 1 “şirvan”ları topladı. Hamı pulu verdi, hamı sevincli idi. Mən isə belim bükülmüş şəkildə başımı dik tutaraq “Mən Mübarizin oğluyam” deyə qışqırmağı düşünürdüm. Amma son dərəcə təmkinli, son dərəcə soyuqqanlı idim. Sanki özümdən, boyumdan 10 dəfə artıq ağır daşın altında qaldığımın fərqində deyildim. Amma sinif rəhbərim mənzərəni çox gözəl duymuşdu, mənə münasibəti xüsusi idi. Bəzi uşaqların ayağımdakı cırıq “krasovka”lara iztehzalı münasibəti də onun gözlərindən yayınmamışdı. Hər kəs hazır idi, şəkil çəkilməli idi, Simuzər müəllimə yüksək səslə sinfə müraciət etdi: “Uşaqlar, sizə bir söz deyim. Bu gün hamınız pul da verdiniz, geyiminiz də gözəldir. Amma içinizdə bir nəfər var ki, pulu verə bilmədi, imkanı olmadı. Amma biriniz belə ona yaxınlaşıb dərdini soruşmadınız, amma geyiminə, ayağındakı cırıq ayaqqabıya güldünüz. Bu dörd ildə Səbuhinin atası bax bu oxuduğunuz məktəbi təmir edib, əyləşdiyiniz partaları məktəbə hədiyyə edib. Sizlərin xəbəri olmadan bir çox bayramlarda bütün xərcləri ödəyib. Amma biriniz belə yaxınlaşıb ona kömək əli uzatmadınız. Bəyəm 30 nəfər bir dostu, yoldaşı belə gündə yola verə bilməzdimi?”

Özümü saxlaya bilmədim, ağladım və sinifdən çıxıb qaçdım. İdman meydançasında bir xeyli atamla ürəyimdə “danışdım”, onu da danladım, özümü də, ALLAHI da…

Bu an anam özünü yetirdi, atamın pul göndərdiyini dedi. Sevinə-sevinə, ölçüsü bilinməyən qürurla sinfə daxil oldum və pulu verdim. Düzdü, uşaqlar yerimə artıq pul qoymuşdular. Amma hamısı məni görəndə maraqlı tərzdə başlarını aşağı saldılar.

O şəkil hələ də evimdədir. Köhnə kostyum və cırıq idman ayaqqabısı ilə 1 “şirvanlıq” məzun günü…

Əl-qərəz, həzərat! Düşünürdüm illər keçəcək, cəmiyyət olaraq fərdi acılarımızı, günahlarımızı paylaşmağı öyrənəcəyik.
Bu gün rəhmətlik Əbülfəz Elçibəyin doğum günüdür. Mənim 32 yaşım var, yəni Elçibəyin dönəmində baş verən prosesləri istəsəm belə başa düşə bilməzdim. Amma biz Heydər Əliyevin dönəmində yetişdik, İlham Əliyev dönəmində püxtələşdik. Elçibəyi də Heydər Əliyevin ona verdiyi böyük dəyər ölçüsündə sevdik. Cühhuriyyətimizi isə İlham Əliyevin sayəsində bir daha sevdik, yenidən yaşadıq, bir çox qaranlıq, qorxulu zəncirləri param-parça etdik. Bəyin 80 illik yubileyidir, müsabiqə elan olundu, yazılar daxil oldu, pul mükafatı təyin edildi. Müsabiqədən sonra tanıdığım istedadlar nəticədən narazı qaldılar, sosial şəbəkələrdə aydınlıq gətirməyə çalışdılar. Nəticədən asılı olmayaraq bu təşəbbüs gözəl idi, amma tək atılan addım oldu. Yəni o boyda Bəyin yubileyini cəmiyyət olaraq hara kimi desək soyuq və onun adına, çəkisinə uyğun olmayan tərzdə qeyd etdik. Hər şeyin səbəbini iqtidarda axtarmaq lazım deyildi, heç kimə Bəyə sevgisini nümayiş etdirmə qadağası qoyulmayıb.

Bəyin yubileyini kölgədə qoyan olay isə əslində faciəmizin ən gözəl mənzərəsi idi. Hacı Nuran bir az halsızlaşıb və reklamını etdiyi hospitala yerləşdirilib. Mən orta məktəbin son siniflərində oxuyanda Hacı xəstələnmişdi, xərçəng idi. Allah şəfasını versin, sözüm o deyil. Aman Allahım, bu qədər gül, bu qədər hədiyyə, bu boyda diqqət… Əslində Hacı da eyforiyadadı, qəlbinin dərinliyində ətrafında baş verənlərin səbəbini gözəl bilir. Elə biz də gözəl bilirik. Olayların kulminasiya nöqtəsi isə hospitala gətirilən Poni ilə tamamlandı. Ən yaxşı halda 50 min qiyməti olan Poni palataya qorxa-qorxa, utana-utana, xəcalət çəkə-çəkə daxil oldu. Dili yoxdur danışmağa, danışıb nə deyəsidi ki? Hər bir halda Poninin gözəl gözləri hər şeyi deyirdi. İmkanı olsaydı deyərdi ki, Elçibəyin tökülüb, dağılan evindən utanıram, müsabiqədə qalib olmayan, amma o 1500 manata hamıdan çox ehtiyacı olan, sözün hər mənasında itib-batan istedadlarımıza görə utanıram. İpini buraxsalar bəlkə də, Poni intihar edəcək. Yəni Poni hər şeyi başa düşürdü, hər şeyi dərk edirdi, düşdüyü qəliz vəziyyətin fərqində idi. Amma nə yazıq ki, kələfin ucu başqasının əlində idi. Və o da hər kəs kimi gül çələngləri ilə dolu palataya daxil olmalı, şəkil çəkdirməli, Hacını və hospitalı reklam etməli idi. Bir sözlə, Hacının ətrafında son 3 gündə baş verən proseslərdə bir tək Ponini bağışlaya bilərəm, amma Elçibəy ətrafında baş verən proseslərdə heç kimi…

Səbuhi Mübarizoğlu Abbasov
7NEWS.az saytının rəhbəri

COP29

www.yenicag.az

3068
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv