“Eldar Həsənovla Nəcməddin Sadıkov da…” - Zaur Bayramlı Gültəkin Hacıbəyli müəmmasını aydınlatdı
Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “dövlət çevrilişinə cəhd” iddiaları ilə bağlı rəsmi açıqlama yayıb. Bu açıqlamadan sonra məsələ ictimai-siyasi gündəmdə geniş müzakirələrə səbəb olub.
Yenicag.az-ın məlumatına görə, siyasi şərhçi Zaur Bayramlı mövzu ilə bağlı bildirib ki, rəsmi məlumatda bəzi mühüm məqamların və şəxslərin adlarının qəsdən qeyd olunmadığını düşünür.
Bayramlı qeyd edib ki, indiyədək bu məsələ barədə danışmamasının əsas səbəblərindən biri rəsmi təsdiqli məlumatın olmaması idi. Onun sözlərinə görə, yayılan son açıqlama gözlənilən idi, lakin bəzi fiqurların adlarının sənəddə yer almaması xüsusi diqqət çəkir.
Şərhçi hesab edir ki, bu işdə əsas adlar kimi Eldar Həsənov və Nəcməddin Sadıkovun, yardımçı şəxs kimi isə Gültəkin Hacıbəylinin adları hallanır. Lakin onların adlarının rəsmi açıqlamada yer almaması dövlətin taktiki qərarı ola bilər.
O, həmçinin ehtimal edir ki, Gültəkin Hacıbəylinin Türkiyədə saxlanıldığı dövrdə onunla müəyyən təmasların baş tutması və deportasiyadan sonra həbs olunmaması müxtəlif versiyaların yaranmasına rəvac verir.
Şərhçi daha sonra qeyd edib ki, 2020-ci ilin yayında Eldar Həsənovun saxlanıldığı dövrdə çevriliş planları ilə bağlı qeyri-rəsmi məlumatlar dolaşırdı. Həmin vaxt bu planın qarşısının alınmasında Azərbaycanın xüsusi xidmət orqanları ilə yanaşı, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) da mühüm rol oynadığı deyilirdi. Onun sözlərinə görə, həmin iddialarda Ramiz Mehdiyevin başçılıq etdiyi, Abbas Abbasov, Eldar Həsənov, Əli Kərimli və başqa şəxslərin adlarının çəkildiyi mümkün ssenari müzakirə olunurdu.
Bayramlı hesab edir ki, o dövrdə ölkənin müharibəyə hazırlaşması səbəbindən bu kimi məlumatlar açıq şəkildə ictimailəşdirilməyib və proseslər mərhələli şəkildə aparılıb. O, həmçinin iddia edib ki, bu planların təsiri son aylara qədər gündəmdə qalmış ola bilər. Şərhçi əlavə olaraq bildirib ki, bəzi beynəlxalq dairələrin də bu proseslərdən xəbərdar olduğu barədə ciddi iddialar mövcuddur.
Bayramlı qeyd edib ki, DTX açıqlamasında yer almayan detallarla bağlı əlavə məlumatların ortaya çıxıb-çıxmayacağı zamanla bəlli olacaq.
Şərhçi sonda vurğulayıb ki, beynəlxalq dairələrin bu proseslərdən xəbərdar olması kontekstində 2020-ci il 7 sentyabrtarixli “Washington Times” nəşrində də oxşar mövzulara toxunulub:
“Bu arada, Qərbi, xüsusilə Amerikanı özlərinə ‘siyasi Kəbə’ olaraq görənlərin nəzərinə çatdırım ki, Amerikanın da bu məsələlərdən əlbəttə ki, xəbəri vardı və bu plana heç də təqdirlə yanaşmırdı. Belə ki, Amerikanın ən önəmli qəzetlərindən olan “Washington Times” qəzetində 7 sentyabr 2020-ci il tarixli, Paul Muller tərəfindən qələmə alınan geniş araşdırma yazısında (hansı ki, orada Belarus, Əfqanıstan və Azərbaycan mövzuları ələ alınmışdı) açıq şəkildə Ramiz Mehdiyevin Azərbaycanın önəmli müxalifət partiyalarından birinin rəhbəri ilə gizli əlaqələrindən və ona olan dəstəyindən söz açılırdı. Həmin şəxsin adı çəkilməsə də, söhbətin Əli Kərimlidən getdiyi gün kimi aydın idi. DTX tərəfindən rəsmi açıqlamanın Amerikanın vitse-prezidenti Vensin (Vance) rəsmi səfərindən sonra yayılmasının təsadüf olub-olmadığını isə irəliləyən zamanlarda daha aydın biləcəyik. Yəni əzizlərim, ‘“never say never!”- “əsla, əsla demə!”
Camal Cavanşir













