Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri vəzifəsindən azad olunmasından və bu qurumda kütləvi həbslərin və təmizləmələrin başlanmasından 1 il ötür
E.Mahmudov hazırda Bakıda – öz evində nəzarət altındadır.
Çoxsaylı ağır cinayət ittihamlarına baxmayaraq, barəsində cinayət işçi qaldırılmayıb, həbs olunmayıb, ev dustaqlığı isə qeyri-rəsmi xarakter daşıyır – bu barədə rəsmi məhkəmə qərarı mövcud deyil.
E.Mahmudovdan başqa ağır cinayət ittihamları ilə üzləşən onlarla keçmiş MTN vəzifəliləri, o cümlədən nazir müavini Hilal Əsədov, baş idarə rəisi Mövlan Şıxəliyev və digərləri məsuliyyətdən kənardadırlar. İstintaq, yalnız ilk dalğada həbs olunan 21 nəfəri ittiham etməklə kifayətlənib. Birinci dalğa həbslərdən sonra yalnız MTN Anti-terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev həbs olunub ki, “AzPolitika”ya daxil olan məlumata görə, bu da onun öz günahı ucbatından baş verib. Belə ki, E.Quliyev keçmiş müavini İlqar Əliyevin təcridxanada müəmmalı intiharından sonra bir emosional hərəkətinin – həmin vaxt MTN başçısı səlahiyyətlərini yerinə yetirən Mədət Quliyevi telefonla arayaraq təhdid etməsinin qurbanı olub. Halbuki, Elçin Quliyev müəyyən dairələrlə 3 milyonluq sövdə nəticəsində bu zaman artıq Milli Təhlükəsizlik Akademiyasında kafedra müdiri vəzifəsini daşıyırdı – məsuliyyətdən sığortalanmışdı!
Ümumiyyətlə isə, “MTN işi”ndə son bir ilin ƏN VACİB 2 SUALI ətrafında qeyri-müəyyənlik indi də davam edir. Bu suallardan biri MTN-dəki “zəlzələnin” gerçək səbəbi ilə bağlıdır. Yəni hələ də Eldar Mahmudovun “vurulmasının” əsl səbəbi tam bəlli deyil. İstintaqın əsas götürdüyü istiqamət və çoxsaylı sahibkarların mediadakı çıxışları isə, əlbəttə ki, gerçək səbəbin üzərinə çəkilmiş pərdədir.
Açıq qalan İKİNCİ SUAL Eldar Mahmudovun belə total əks-kampaniyadan, cinayət ittihamları və rəsmi hücumlardan sonra həbs olunmaması ilə bağlıdır. Bununla bağlı dolaşan ən populyar versiya 11 il Azərbaycanın xüsusi xidmətinə rəhbərlik etmiş Mahmudovun əlində çoxsaylı kompromat materialların olması və bundan öz təhlükəsizliyini təmin etmək üçün şantaj vasitəsi kimi istifadə etdiyi barədədir. Bu ehtimalı tam olaraq kənara itələmək mümkün olmasa da, bir qədər inandırıcı görünmür. Eyni məntiqlə götürsək, məsələn, Akif Çovdarovun, Elçin Quliyevin və digərlərinin də əlində güclü kompromatlar olmalı idi, lakin onlar həbsdədirlər.
Çox böyük ehtimalla, Eldar Mahmudovun hələlik azadlıqda olmasının bir səbəbi onu verbovka etmiş xarici qüdrətli dairələrin, kəşfiyyatların, eyni zamanda daxili bəzi çevrələrin Azərbaycan hakimiyyətinə güclü təzyiqlərilə bağlıdırsa, digər və daha mühüm səbəb onun tərəfindən ölkədən çıxarılmış milyardlarla dolların geri qaytarılacağına olan ümiddir. Görünür E.Mahmudov da bu şərtlə razılaşıb – müəyyən qədər bağışlanması müqabilində ölkədən çıxardığı kapitalın böyük hissəsini qaytarmağa meyillidir. Lakin bu əməliyyat bəlli səbəbdən – tərəflərin bir-birinə inamsızlığı ucbatından mərhələləli şəkildə həyata keçirilir.
“AzPolitika.info”ya daxil olan məlumata görə, Eldar Mahmudov pulların geri qaytarılması işi ilə şəxsən məşğul olur: BU MƏQSƏDLƏ SON BİR İLDƏ 5 DƏFƏ ÖLKƏDƏN ÇIXIB VƏ GERİ QAYIDIB! Heç şübhə yoxdur ki, sabiq nazir ölkədən xüsusi razılıq əsasında, vaxtilə xaricə daşıdığı pulları gizli hesablardan çıxararaq geri qaytarmaq məqsədilə buraxılıb. Bu zaman təminat qismində isə, əlbəttə ki, onun ailəsi çıxış edib…
Eldar Mahmudovun hələlik məsuliyyətdən yayına bilməsinin bu amillə bağlılığını deputat, parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc da təsdiq edib. O, “Yeni Müsavat” qəzetinə müsahibəsində bu barədə açıq mətnlə danışıb. Sitat: “Şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları idarə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona (Eldar Mahmudova-red.) lütflə bağlı deyil, zənn edirəm digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük akulalara çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur”.
Z.Oruc bir sonrakı abzasda fikirlərini daha da konkretləşdirir. Sitat: “Ən başlıca məsələ Eldar Mahmudovun faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamasıdır. Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrpusiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır”.
Beləliklə, MTN-də başlayan və ölkəni silkələyən əməliyyatın bir ilinin tamamında “Eldar Mahmudov niyə həbs olunmur” sualına belə cavab vermək olar: Hakimiyyət, nə qədər qəzəbli olsa da, Eldar Mahmudov məsələsində reallıqlardan çıxış edir – ÖLKƏYƏ PUL LAZIMDIR, ELDAR MAHMUDOVUN CANI CƏHƏNNƏMƏ!
www.yenicag.az