“Əli və Nino”-nun çəkilişləri davam edir-Foto
Məlum olduğu kimi, Bakıda “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri aparılır.
Yenicag.az anspress-ə istinadən bildirir ki, əsərdə hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda baş verir. Müharibə, qırğınlar, iğtişaşlar fonunda Əli Xan Şirvanşir, Nino Kipiani və Melik Nahararyanın iştirakı ilə məhəbbət üçbucağı yaranır. “Əli və Nino” iniqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı çox yaxşı təsvir edilir. Əsas hadisələr İçərişəhərdə baş verir.
Dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişlərinə fevralın 24-dən başlanılıb. Müəllifi Qurban Səid olan “Əli və Nino” romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “Bafta” mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar. Filmdə tamaşaçılar həm də Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və Halit Ərgənç kimi sevilən aktyorları da görəcəklər. Ekran əsərinin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, kostyum dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.
Buro247.az-dan fotoları təqdim edirik: