“Mən 75 saylı Yardımlı-Masallı seçki dairəsindən öz namizədliyimi vermişəm, heç bir halda geri çəkilməmişəm və hazırda imzalar toplanır. Bunlar yalnız şayiələrdir və hesab edirəm ki, kimsə burada təxribat törətmək istəyir. Bilmirəm ki, bunu edən kimdir və hansı məqsədlə edir, lakin bu, o qədər də yaxşı məqsəd deyil və seçiciləri çaşdırmaq istəyir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev deyib.
Ə. Nuriyev namizədliyini geri götürməsi ilə bağlı yayılan informasiyaları şərh edib:
“Mən gələcək seçicilərimin yanındayam, namizədliyimi vermişəm və imza toplama prosesi davam edir. Bunlar kiminsə “qara piar”ıdır və etimadsızlıq mühiti yaratmaq istəyirlər. Bütövlükdə, bu fikrin səslənməsi absurd olan bir məsələdir. Əgər belə bir fikrim olsaydı, onu özüm elan edərdim.
Mən namizədliyimi vermişəm, qətiyyətliyəm və bu məsələ ilə bağlı xeyli seçici mənə müraciət edirlər və onların haqlarını müdafiə etmələrimi istəyirlər. Yardımlıda bir çox kəndlər var ki, özləri imza vermək istəyirlər. Məndə isə imzalar artıq yekunlaşmağa doğru gedir. Ona görə də onlara bu mərhələdə böyük bir əziyyət verməmişəm. Əlbəttə ki, təbliğat-təşviqat kampaniyasında hər kəslə görüşməyə çalışacağam”.
Rafi Müslümov
www.yenicag.az