Elşən MUSAYEV: Azərbaycan müxalifətində 3 isim…
Mənim hansı səviyyədə iqtidar təəssübkeşi olduğumu tanıyanlar bilir. Xüsusi şərhə ehtiyac yox! İndiyə qədər etdiklərimə və söylədiklərimə görə də heç bir zaman peşmançılıq hissi keçirməmişəm. Bu da ayrı bir mövzu. Nəhayət…bəzən hətta ən yaxınımda, hətta bir addımlığımda qərarlaşanlar belə sözümdəki kəsərin, aqressiyanın, barıtın gərəkdiyindən daha çox olduğunu düşünüblər. Uzun müddət. Ya da vaxtaşırı. Bir tək özümdən savayı…
Bu günsə xoşbəxtəm! Həm də inanılmaz! Çünki, düz yolda olduğumun fərqinə günbəgün daha çox varıram! Çünki, siyasətə sərf etdiyim 15 ilin hədər getməməsinin, bu illərin əbəs yerə xərclənmədiyinin rahatlığını yaşayıram. Çünki, mövcud siyasi mənzərəyə, real təzahüratlara göz yetirdiyimdə Əli Kərimli kimi mötədirlərin, AXCP, Müsavat kimi bərbad, üstəgəl bədbəxt siyasi dərnəklərin indiyə qədər söylədiklərimdən daha artığına layiq olduğunu düşünürəm!!!
Niyə…?
Əvvəla, ondan başlayım ki, Azərbaycan müxalifətində 3 isim mənim üçün hər zaman toxunulmaz olub.
1) Əbülfəz Elçibəy
2) Lalə Şövkət
3) Rauf Arifoglu
Elçibəy Azərbaycan fədailərindən biri, ölkə Prezidenti, tər – təmiz insan olub. Onun dövründə Azərbaycan dövlətçiliyi hansı təhlükələrlə üzləşsə də, qurub yaratdığı komanda bu ölkənin başına olmazın oyunları açsa da, yetişdirib ortaya çıxardığı kadrların əksəriyyəti siyasətimiz üçün silinməz ləkəyə çevrilsə də Elçibəy Elçibəydir! Onu danmaq olmaz! Və ya bu insanın elə ancaq millətinə olan sevgisi yetərlidir ki, onun ruhuna və adına sona qədər sayqı və ehtiramla yanaşaq, onu unutmayaq, xatırlayaq…
Lalə Şövkət isə öncəlliklə xanımdır. Üstəgəl, ən kritik anda həqiqətləri görub, ifadə etməyi bacaran biridir. Və nəhayət…tam səmimiyyətlə deyim ki, Azərbaycan müxalifətində çox kişinin sahib olmadığı xarakteri öz üzərində daşıyan siyasətçidir. Sadə bir misal: 2005 – Parlament seçkilərində müxalifətin ümumi razılaşmasını bütün kişilər pozduğu halda tək bir qadın – Lalə Şövkət dediyini “yemədi”, tüpürdüyünü yalamadı. Getmədi Parlamentə. Evdə arvadının bir tənəsindən, göz ağartmasından qorxan müsavatçılar (bu faktdır!) Parlamentə getdi, amma bu xanım getmədi. Və Lalə Şövkətin timsalında onlarla belə misal çəkə bilərəm. Ürəklə! Kimsədən də çəkinmədən…
Və..nəhayət…Rauf Arifoğlu.
Bu insana heç bir zaman nifrət etməmişəm. Bilmirəm niyə. Hətta 2003 – də ən ağır formada üzərimizə gələrkən, olan – olmazın şeyləri söylərkən də nifrət etməmişəm ona. Həqiqətən! Qəribə şeydir bu. Özüm də məəttələm. Qohumum deyil, qonşum deyil, əzizim deyil. Heç nəyim deyil. Və bütün sevdiklərimin canına and olsun – Rauf bəyi həyatım boyunca 2-3 dəfə görəm ya yox. Hər dəfəsində də qəribə bir səmimiyyətlə görüşmüşəm onunla. Yəqin özü də çaşıb, karıxıb qalıb ki, nə məsələdir bu. Və…son bir sirri də açım: 2003 – cü il seçkiləri sonrası Rauf Arifoğlunun məhkəməsi gedərkən mən Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə çalışırdım. Bir dəfə proses zamanı kanvoy – Rauf bəyin iki azyaşlı qız övladı ilə təmasını çox kobud şəkildə əngəllədi. O qədər pisimə gəldi ki, evə belə xəbər vermədən anındaca ərizəmi yazıb işdən ayrıldım və bir daha “paqon” taxmayacağımla bağlı özümə kişi sözü verdim…Hərçənd Azərbaycan hüquq – mühafizə orqanlarında ləyaqətli insanların, hüququ siyasətə qatmayan peşəkarların yüz yox, minlərcə olduğunu o zaman da düşünmüşəm, bu gün də düşünürəm. Fəqət, yenə də gec idi…Bir hadisə, gördüyüm bircə mənzərə mənim son dərəcə kritik bir qərar qəbul etməm, həyat istiqamətimi dəyişməm üçün yetərli idi…
Yaxşı bəs Rauf Arifoğlu o zaman niyə həbsdə idi? Bütün riskləri ya da çox güman bu gün özünün də öz içində etiraf etdiyi ƏBƏSLƏRİ kimin, nəyin uğruna etmişdi? Bu sualın cavabını bilmək istəyirsinizsə açın “Azaqlıq” qəzetinin son nömrələrini, ələlxüsus da manşetlərini. Oxuyun! Ya da Müsavat Partiyasında dili bir yerinə girmiş rəhbər funksionerlərin münasibətini, daha doğrusu susqunluğunu izləyin. O zaman biləcəksiz: HEÇ NƏYİN!!! Heç nəyin uğruna imiş hər şey….Rauf bəyin fədakarlıq, qanunların cinayət, bizim isə qəbahət, yalnış bildiyimiz şeylər gerçəkdən heç nəyin uğruna imiş. Onun balaları İsa Qəmbər kimi qorxağın, Əli Kərimli kimi riyakarın ucbatından sabahları atasız açırmış, gözləri türmə yollarına dikəli qalırmış…
Və buyurun! – Üzərindən 11 il keçəndən sonra Rauf bəyin əsl cavabı verilir: Həm Müsavat həm də AXCP tərəfindən!. Üstəgəl, ən “mükəmməl” formada….Onu ittiham edirlər, lənətləyirlər, suçlayırlar. Xəyanətdən danışmalı olan ən sonuncu adamlar, bir gün türmədə yatmış olsalar bəlkə də bütün nəsillərini alqı – satqı subyekti edəcək qorxaqlar, bu milətin maraqlarını öz şəxsi mənafeləri üçün ermənidən – rusa, Qərbdən Avropaya qədər kimə desən düşünmədən satmağa hazır olan satqınlar, “hırs manyakları” kimisə satılmaqda və alınmaqda ittiham edirlər…!
Bax buna görə xoşbəxtəm!
Bu mənzərələri görüb, nəticə çıxardığım üçün xoşbəxtəm!
Nankorların, barbarların, vətən xainlərinin yanında olmadığım üçün xoşbəxtəm!
Rauf Arifoğlunun taleyini yaşamadığım üçün xoşbəxtəm….
Əli Kərimli kimi taxtabaşın gədəsi, tulası, söyüş maşını olmadığım üçün xoşbəxtəm…!