Eltən Qədimbəyli Zərdabi mükafatı ilə təltif olundu - FOTO
Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Mətbuatın 150 illiyi münasibətilə təqdim olunan Həsən bəy Zərdabi mükafatı bu il 15 media nümayəndəsinə təqdim edilib.
Onlar arasında Qafqaz TV-nin rəhbəri, media qurucusu, sənədli filmlərin müəllifi və aparıcı Eltən Qədimbəyli də yer alıb. Mükafatı AJB-in sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı və Əməkdar jurnalist, professor Qulu Məhərrəmli təqdim ediblər. Eltən Qədimbəyli çıxışı edərək bu mükafatı təkcə öz adına deyil, bölgədə çalışan bütün jurnalistlərin adından qəbul etdiyini bildirib. O, bu mükafatı həm adı, həm də nüfuzu baxımından jurnalistlər üçün ən vacib mükafatlardan biri hesab etdiyini deyib.
Eltən Qədimbəyli 2005-ci ildən bu günə qədər Quba, Xaçmaz, Lənkəran və yenidən Qubada dörd ayrı regional televiziyanın qurulmasına rəhbərlik edib. Hər birində bina tikintisindən komanda qurulmasına, efir strategiyasından proqram formatlarına qədər bütün media proseslərinə birbaşa rəhbərlik edib. Qurduğu və əmək verdiyi televiziyalar sektorda böyük uğurlara imza atıb, müxtəlif ödüllərə layiq görülüb. O, həmçinin müxtəlif populyar verilişlərin müəllifi və aparıcısıdır: “Zirvə”,“Səyyah”, “Çöldə Yaşam Öyüdləri”,”Aydınlanma arayışı”, habelə Türk xalqlarının ortaq yaddaş və dəyərlərini tanıdan “Törənin İzində” –belə verilişlərdəndir. Eltən Qədimbəyli verilişlərlə yanaşı, həm də bir neçə sənədli filmlərin rejissoru və prodüseridir. Onun lentə aldığı “Bitməyən Sürgün”, “El Gücü”, “İki Dost, İki Şəhid” və “Qərbi Azərbaycan – Can Yaddaşımız” belə filmlərdəndir.
O, eyni zamanda müxtəlif vaxtlarda mediada Türk dünyası, yumşaq güc, insan mühəndisliyi və yaradıcı iqtisadiyyat mövzularında yazıları ilə çıxış edir, sosial şəbəkələrdə milli ruhu bəsləyən paylaşım və çağırışları ilə tanınır.
Elçin Əkrəmoğlu