Enerji balansın təqdim edilmə proseduru dəyişdi
Energetika Nazirliyi tərəfindən hər il iyun ayının 1-dək enerji balansının layihəsi tərtib ediləcək.
Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Energetika Nazirliyi həmin layihəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdıraraq Nazirlər Kabinetinə təqdim edəcək. Enerji balansının layihəsində dəyişiklik edilməsi zərurəti yarandığı təqdirdə nazirlik bu barədə təklifləri və enerji balansının yenilənmiş layihəsini İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırmaqla noyabr ayının 1-dək Nazirlər Kabinetinə təqdim edəcək.
Qeyd edək ki, hazırda Energetika Nazirliyi tərəfindən hər il iyun ayının 1-dək enerji balansının layihəsi tərtib olunur, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.