Ərdoğan: “Məni edam edəcəkdilər”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Diyarbakırda Türk bayrağının endirilməsinə növbəti dəfə münasibət bildirib.
AKP-nin qrup toplantısında çıxış edən baş nazir bununla bağlı sərt reaksiya verib. “Biri çıxıb qarnizonun divarlarını aşacaq, Türk bayrağını endirəcək. O bayrağı endirərkən ərazidə xidmət edən şəxslər bunu seyr edəcək. Bu nə deməkdir? O bayrağı endirəni endirəcəksən. Lazım olanı edəcəksən. Əks təqdirdə isə məsuliyyət daşıyırsan”,-deyə R. T. Ərdoğan bildirib.
Baş nazir ötən ilin dekabrında Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarından da danışıb. O, bir daha vurğulayıb ki, bu hakimiyyəti devirməyə cəhd idi. “Əgər bu çevriliş olsaydı, məni və nazir yoldaşlarımı Yassıadaya uyğun bir yerdə mühakimə edəcəkdilər”.
Qeyd edək ki, 1961-ci ildə Türkiyənin hakimiyyətdən devrilən baş naziri Adnan Menderes Yassıadada edam edilib. R. T. Ərdoğan da belə bir hadisənin başına gələ biləcəyi ehtimalına işarə edib.