“Maariflən, dəstək al, inteqrasiya ol” layihəsi: İnsan alveri risklərinə qarşı kompleks dəstək tədbirləri həyata keçirilir

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Maariflən, dəstək al, inteqrasiya ol” layihəsinin icrası davam etdirilir. 

media-banner_tuq

Layihə insan alveri qurbanları, potensial insan alveri qurbanları və istismar riski ilə üzləşən həssas şəxslər üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, onların təkrar istismardan qorunması, hüquqi, psixoloji və sosial dəstək xidmətlərinə çıxışının genişləndirilməsi, peşə bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə reinteqrasiyasına kömək göstərilməsidir.

Dörd ay ərzində ümumilikdə 25 nəfərin – 10 qadın və yetkinlik yaşına çatmış 15 gəncin mərhələli reabilitasiyası, sosial inteqrasiyası və gələcək müstəqil həyata hazırlanması nəzərdə tutulur.

Hazırlıq və əlaqələndirmə mərhələsi

Layihənin ilkin mərhələsində fəaliyyətlərin planlaşdırılması, iştirakçıların ehtiyaclarının müəyyənləşdirilməsi, təlim mövzularının hazırlanması və xidmətlərin göstərilməsi üçün təşkilati hazırlıq işləri həyata keçirilib.

Layihə barədə məlumatlandırmanın və müvafiq şəxslərin xidmətlərə yönləndirilməsinin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına və digər rəsmi tərəfdaşlara məktublar göndərilib. Məktublarda layihənin məqsədi, hədəf qrupu, nəzərdə tutulan xidmətlər və əməkdaşlıq imkanları barədə ətraflı məlumat təqdim olunub.

Eyni zamanda, layihənin ictimaiyyət arasında tanıdılması və insan alveri riskləri barədə məlumatlılığın artırılması məqsədilə kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edilib. Layihə və onun fəaliyyətləri haqqında məlumatlar 7 mətbu orqanda yayımlanıb.

Bu məlumatlandırma fəaliyyəti insan alverinin müxtəlif formaları, riskli iş və evlilik təklifləri, rəqəmsal mühitdə cəlbetmə üsulları, hüquqi müdafiə mexanizmləri və mövcud dəstək xidmətləri barədə ictimai maarifləndirmənin gücləndirilməsinə xidmət edib.

Psixoloji təlimlər. Layihənin hesabat dövründə iştirakçılar üçün üç psixoloji təlim təşkil olunub:

1. Bullinq və rəqəmsal bullinq
2. Emosiyalarımızı tanıyaq
3. Özünəinamın inkişafı

Psixoloji təlimlərin əsas məqsədi iştirakçıların özünəinamının artırılması, travmatik təcrübələrin təsirinin azaldılması, emosiyaların sağlam şəkildə ifadə olunması və manipulyativ münasibətlərin erkən mərhələdə tanınması bacarıqlarının inkişaf etdirilməsi olub.

Təlimlər zamanı iştirakçılarla fərdi və qrup çalışmaları, interaktiv müzakirələr, rol oyunları və praktik tapşırıqlar keçirilib. Şəxsi sərhədlərin müəyyənləşdirilməsi, təhlükəli davranışların tanınması, yardım istəmək və düzgün qərar qəbul etmək mövzularına xüsusi diqqət ayrılıb.

Hüquqi təlimlər

İştirakçıların hüquqi biliklərinin artırılması və müdafiə mexanizmlərindən istifadə bacarıqlarının formalaşdırılması məqsədilə üç hüquqi təlim keçirilib:

1. Hüququn əhəmiyyəti və hüquqlardan istifadə, qaynar xətlər və yardım mexanizmləri ” 

2. “Konstitusiyanı necə bilirik?” 

3. “Mülkiyyət hüququ, vərəsəlik hüququ, əqli mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ və şəxsi toxunulmazlıq hüququ” 

Təlimlərdə dövlət tərəfindən təmin edilən müdafiə və yardım imkanları, hüquq-mühafizə orqanlarına müraciət qaydaları, risklərinin qarşısının alınması barədə məlumat verilib.İştirakçılara real vəziyyətlər əsasında hüquqi halların qiymətləndirilməsi, sübutların qorunması, müraciətlərin hazırlanması və mövcud yönləndirmə mexanizmlərindən istifadə ilə bağlı praktiki tövsiyələr təqdim olunub.

İnsan Hüquqları Aylığı çərçivəsində xüsusi təlim

Layihə çərçivəsində İnsan Hüquqları Aylığına həsr edilmiş “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda xüsusi maarifləndirici təlim təşkil edilib.Təlim “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova tərəfindən keçirilib.

Təlim zamanı süni intellektin insan həyatına və hüquqlarına təsiri, şəxsi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, kibertəqib, saxta foto və videoların hazırlanması, manipulyasiya, onlayn cəlbetmə və insan alveri riskləri müzakirə olunub.

İştirakçılara sosial şəbəkələrdə şəxsi məlumatların qorunması, şübhəli hesab və təkliflərin tanınması, süni intellekt vasitəsilə hazırlanan saxta məzmunun yaratdığı təhlükələr və belə hallarda müraciət edilə biləcək müdafiə mexanizmləri barədə praktiki məlumatlar verilib.

Peşə təlimləri

İştirakçıların peşə bacarıqlarının artırılması, gələcək məşğulluq imkanlarının genişləndirilməsi və iqtisadi müstəqilliyinin dəstəklənməsi məqsədilə iki peşə təlimi təşkil olunub:

1. “Saçın quruluşu və saç tipləri: quru, yağlı və normal saçlar”

2.“Saçın düzgün yuyulması texnikası 

Peşə təlimləri zamanı iştirakçılar saçın quruluşu, müxtəlif saç tiplərinin xüsusiyyətləri, düzgün qulluq vasitələrinin seçilməsi, saç sağlamlığının qorunması və gündəlik saç düzümlərinin hazırlanması barədə nəzəri və praktiki biliklər əldə ediblər.

Bu təlimlər iştirakçıların yalnız yeni bacarıqlar qazanmasına deyil, gələcəkdə məşğulluğa cəlb olunmasına, özünüməşğulluq imkanlarının yaradılmasına və sosial-iqtisadi müstəqilliyinin gücləndirilməsinə xidmət edir.

Sığınacaq daxilində paralel dəstək xidmətləri

Layihə fəaliyyətləri ilə paralel olaraq, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında hazırda eyni vaxtda 45 nəfərə xidmət göstərilir.

Sığınacaq sakinlərinin təhlükəsiz yaşayış yeri, gündəlik qayğı və zəruri ehtiyacları təmin edilir. Eyni zamanda, sakinlər fərdi ehtiyaclarına uyğun olaraq:

• hüquqi yardım;

• psixoloji dəstək;

• sosial müşayiət;

• tibbi xidmətlərə yönləndirmə;

• sənədləşmə və hüquqların bərpasına dəstək;

• təhsil və peşə hazırlığına yönləndirmə;

• ailə və cəmiyyətə reinteqrasiya xidmətləri ilə təmin edilirlər.

Hər bir sakin üçün fərdi ehtiyaclar və risklər qiymətləndirilir, fərdi reabilitasiya və reinteqrasiya planları hazırlanır. Dəstək prosesi zamanı şəxsin təhlükəsizliyi, məxfiliyi, ləyaqəti və qərarvermə hüququ əsas prinsip kimi qorunur.

Layihənin növbəti mərhələlərində psixoloji və hüquqi təlimlərin, peşə hazırlığı tədbirlərinin, fərdi məsləhətləndirmələrin və sosial reinteqrasiya fəaliyyətlərinin davam etdirilməsi nəzərdə tutulur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05