“Türkiyədən Krıma hava və dəniz nəqliyyatının hərəkəti dayandırılıbsa, Ərdoğanın özü niyə ora səfər etsin ki?”
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinin işğal altındakı Krımda Cümə Məscidinin açılışına aldığı dəvətə mümkün cavabını dəyərləndirən rusiyalı ekspert Rinat Muxametov deyib.
Muxametovun sözlərinə görə, Ərdoğanın Rusiya tərəfindən ilhaq edilmiş Krıma səfəri Türkiyə-Ukrayna münasibətlərinin pozulması ilə nəticələnə bilər:
“Ərdoğanın Krıma gedəcəyinə dair fikirlər Rusiya politoloqlarının Türkiyənin tezliklə NATO-dan çıxacağına dair iddialarına bənzər spekulyasiyalarından biridir. Əslində, bu cür yanaşmaların səbəbi aydındır. Hətta Putinin Ərdoğanı Krıma dəvət etməsi faktı özlüyündə geosiyasi provakasiyadır.
Ukraynanın tərkib hissəsi hesab edilən Krıma hər hansı ölkənin prezidentinin səfər etməsi Beynəlxalq hüquq prinsiplərinin açıq-aşkar pozulmasıdır. Bunu Ankarada da başa düşürlər.
Hazırda Türkiyə iqtisadiyyatı Amerikanın təzyiqləri üzündən əziyyət çəkir. Türkiyədən Krıma hava və dəniz nəqliyyatının hərəkəti dayandırılıbsa, Ərdoğanın özü niyə ora səfər etsin ki?
Bundan başqa, Türkiyənin hakim partiyası sonuncu yerli seçkilərdə üzləşdiyi uğursuzluqdan sonra müxalifətin tənqidlərinə tuş gəlmək və ölkədə 2-3 milyon civarında olan tatar əsilli seçicilərin səsini itirmək istəməyəcək.
Ərdoğan və komandası Moskva ilə yaxın münasibətlərə görə onsuz da tənqid olunur. Ərdoğanın Rusiya tərəfindən ilhaq edilmiş Krıma səfəri Türkiyə-Ukrayna münasibətlərinin pozulması ilə nəticələnə bilər.
Mən təsəvvür belə etmirəm ki, Türkiyə prezidentinin Krıma səfəri necə baha başa gələr. Ərdoğanı Krıma hətta “İslam dünyasının lideri” statusunda dəvət etmiş olsalar da, əminəm ki, Türkiyə prezidenti oraya getməyəcək”.
www.yenicag.az