Kim Çen In Trampa “yaşıl işıq” yandırdı: Məqsəd çəkindirmə, yoxsa masaya qayıtmaq?
“Şimali Koreya Trampla yenidən masaya oturmağa çalışır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib.
Politoloq Şimali Koreya liderinin ABŞ-İran arasında nüvə gərginliyinin yaşandığı bir vaxtda ölkəsinin nüvə potensialı haqqında danışmasını və bunu artırmağa yönəlik bəyanatlar verməsini belə şərh edib:
“Şimali Koreyanın son dövrlərdəki nüvə ilə bağlı çıxışını dünyada baş verən proseslərlə əlaqələndirmək daha doğru olar. Məlumdur ki, xüsusilə Rusiya-ABŞ danışıqlarının intensivləşdiyi və İran-ABŞ münasibətlərində yeni dövrə qədəm qoyulması ehtimallarının gücləndiyi bir zamanda, Şimali Koreya beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdə yaşamaq istəmir. Ölkə müəyyən iqtisadi çətinliklər yaşayır və uzun müddətdir ki, ümumdaxili məhsulun böyük hissəsini hərbi potensialına ayırır. Bu isə iqtisadi vəziyyətə birbaşa mənfi təsir göstərir.
Əsas cavabını tapmalı olduğumuz sual budur: Şimali Koreya bu açıqlama ilə nəyi hədəfləyir? Ola bilər ki, Cənubi Koreya və ABŞ-ın birgə təlimləri ilə bağlı narazılığını ifadə etsin, hərbi, o cümlədən nüvə potensialını artırmaq mesajını versin. Lakin burada əsas məqsəd ABŞ-la yenidən müzakirə masasına qayıtmaqdır. Trampın ilk hakimiyyəti dövründə də Şimali Koreya ilə ABŞ arasında danışıqlar baş tutmuşdu. Həmin danışıqlar uğurla nəticələnməsə də, ölkəni əhatə edən izolyasiyanı yarmaq cəhdi kimi dəyərləndirilməlidir. Düşünürəm ki, Şimali Koreya yenidən ABŞ-la danışıqlar masasının qurulmasını istəyir. Belə olacağı təqdirdə, kiçik də olsa hər hansı bir anlaşmanın imzalanması ölkənin izolyasiyasını azaldar və beynəlxalq nüfuzunun artmasına səbəb ola bilər. Biz bu ölkənin nüvədən tamamilə imtinasını və ya Cənubi Koreya və digər qonşularla tam normallaşmasını gözləmirik. Şimali Koreyanın özünəməxsus dövlət siyasəti var və bunu davam etdirməyə çalışır. Lakin müəyyən dərəcədə yumşalma hazırda Şimali Koreyanın da işinə yaraya bilər”.
Nurlan Cəfəri













