Qalibafın Bakı səfəri: “Azərbaycan İranın ən çətin anında ən etibarlı qonşu olduğunu sübut etdi" – Hikmət Babaoğlu
“Məhəmməd Baqer Qalibafın Azərbaycana gəlişi böyük önəm daşıyır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat Məhəmməd Baqer Qalibafın Azərbaycana səfəri haqqında müsbət fikirlər səsləndirərək, bu görüşün əhəmiyyətindən danışıb:
“Məhəmməd Baqer Qalibafın Azərbaycana səfəri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqının 20-ci sessiyası ilə əlaqədardır. Belə kritik vəziyyətdə, müharibəyə cəlb olunmuş bir ölkənin parlament sədrinin Azərbaycana gəlişi müsbət hadisədir. Bu səfər Azərbaycanın ev sahibliyinə göstərilən diqqətin göstəricisidir. Hesab edirəm ki, bu, olduqca əhəmiyyətli bir görüşdür. İslam dininin və mədəniyyətinin geniş yayıldığı, bizim də aid olduğumuz arealda olduqca kritik hadisələr baş verir. İran isə bu proseslərin tam mərkəzindədir. Ona görə də İslam həmrəyliyinin nümayiş etdirilməsi və gələcək təhlükəsizlik məsələlərinin müzakirə olunması baxımından parlament diplomatiyasının xüsusi əhəmiyyəti var”.
Deputat İran və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə də toxunub:
“Düşünmürəm ki, Qalibafın hazırda ikitərəfli münasibətlərə dair xüsusi gündəmi olsun. Bütün hallarda nəzakət diplomatiyasının olmasına da zərurət var. Azərbaycan İranın ən çətin vaxtlarında ən etibarlı qonşu olmağı bacardığını sübut edərək ilk yardım göndərdi və ölkənin təhlükəsizliyi üçün əlindən gələni etdi”.
Nurlan Cəfəri













