Türkiyənin paytaxtı Ankarada təhsil alan bir qrup azərbaycanlı tələbə bu ölkənin 63-cü hökümət kabinetinin mədəniyyət naziri olmuş, hal-hazırda isə prezident Rəcəb Tayyib Ərdoğannın baş məsləhətçisi olan tanınmış siyasətçi Yalçın Topçunu ziyarət ediblər. Bu barədə görüşü təşkil edən Türkiyənin “Yerli Düşüncə” Dərnəyinin Azərbaycan təmsilçisi, tarixçi Cavid Mövsümlü xəbər verərək bildirib ki, Yalçın bəy tələbələri Azərbaycanın müstəqilliyinin elan edilməsinin 25-ci ildönümündə qəbul edərək öncəliklə onları və onların timsalında bütün azərbaycanlıları “Dövlət Müstəqilliyi” günü münasibəti ilə təbrik edib.
Söhbət əsnasında Yalçın Topçu hər zaman, hər yerdə söylədiyi kimi bu dəfə də “Bütün Türk dünyası qardaşdır, amma Azərbaycanla Türkiyə əkiz qardaşdır” ifadəsini işlədib.
Görüş əsnasında Cavid Mövsümlü Yalçın Topçuya bu ilin aprel ayında Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəki şəhərinin açılış mərasimində onun şəxsən tanış olduğu “Şuşa Şəhər Uşaq Rəqs” qrupunun üzvləri və müəllim heyətinin göndərdikləri məktublarını çatdırıb.
Sonda Azərbaycanlı tələbələr Azərbaycan səfirliyinin təhsil şöbəsinin təqdim ettiyi xatirə hədiyyəsini Yalçın bəyə təqdim edərək, xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Yalçın Topçu Türkiyədə ən çox tanınan siyasi simalardan biridir. Azərbaycan hər zaman Yalçın bəyin siyasi fəaliyyətində prioritet yer tutmuşdur. Özəlliklə 2016-cı ilin fevral ayında keçirilən Xocalı Soyqırımı konfransında Türkiyə parlamentarilərinə soyqırımın tanınması çağrışı, aprel ayında 4 günlük savaş sonrası Qarabağda cəbhə xəttini ziyarət etməsi, may ayında isə ulu öndər Heydər Əliyevin adını daşıyan Ankaradaki parkda tədbir zamanı çıxış edərkən Azərbaycan adına önəmli mesajları ilə hər iki ölkənin ictimaiyyətinin diqqətini cəlb etmişdir.
Yenicag.az
www.yenicag.az