“Həmin namizədlər yaranmış vəziyyətin verdiyi üstünlüklərdən yararlanmağa çalışırlar”.
Bu fikirləri 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlərin iddia və imkan məsələlərindən danışan siyasi texnoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürənlər bu addımı heç də qalib gəlmək üçün atmayıblar:
“Çünki mövcud reallıqları onların özləri də bilirlər. Xarici ölkələrdə keçirilən seçkilərə nəzər yetirsək, orada namizədlərin kifayət qədər çox olduğunu müşahidə edərik. Maraqlı sual yaranır, rəqabətin öz xeyirlərinə olmayacağını bildikləri təqdirdə niyə namizədliklərini irəli sürürlər?
Burada bir neçə məqam ola bilər. İlk olaraq, həmin namizədlər yaranmış vəziyyətin verdiyi üstünlüklərdən yararlanmağa çalışırlar. Yəni öz ideyalarını mətbuat sayəsində daha çox insana çatdırmaq imkanı əldə edirlər. Seçilməsələr belə, daha çox insana müraciət edə biləcəklərini yaxşı başa düşürlər. Bu isə növbəti seçkilər üçün bir növ məşq rolunu oynayır.
İkinci məqam odur ki, həmin namizədlər bununla öz reytinqlərini yoxlamaq istəyirlər. Yəni nə qədər imza toplaya biləcəklərini, gələcək seçkilər üçün nə qədər şanslarının olduğunu yoxlayırlar. Üçüncü məqam isə onların əllərində olan resursları təcrübədən keçirmək istəyidir. Bəzi namizədlər isə maliyyəyə görə seçkilərə qatılırlar. Yəni səbəb çox ola bilər.
Azərbaycanda da belədir. Lakin hansısa namizədin prezident İlham Əliyevdən daha çox səs toplayacağını düşünməsi qeyri-mümkündür. Azərbaycanda elə bir ikinci şəxs yoxdur. Hətta ötən seçkilərə nisbətən qarşıdan gələn seçkilərdə İlham Əliyevin daha çox səs toplayacağı şübhə doğurmur”.
Nəsimi Ələsgərli
www.yenicag.az