“Növbəti dönəmdə parlament və bələdiyyə seçkiləri demokratik keçirilməyəcəksə, bunun çox ciddi siyasi fəsadları ola bilər”.
Bu fikirləri növbədənkənar prezident seçkilərinin təyin edilməsini və müxalifətdəki bəzi qüvvələrin boykot qərarını dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, keçirilən seçkilərdə iştirak etmək boykotdan daha səmərəli addımdır:
“Biz Məmmədəmin Rəsulzadənin ideya varisləriyik. Ölkədə fərqli cəmiyyət və siyasi sistem qurulmalı idi. Ancaq nəzərə alınmalı reallıq ondan ibarətdir ki, mənfur qonşularımız və onların “5-ci kolonları” var. Onların hamısının Azərbaycanda oynadığı oyunun çox ciddi səbəbi var: bu ölkələrin əksəriyyəti bizdə demokratiyanın bərqərar olmasından qorxur.
Onlar hər vəchlə bir “qıfıl” kimi Azərbaycanda demokratiyanın qarşısında əngəl olmağa çalışırlar. Bu “qıfıl” o qonşuların tənəzzülə uğramaları nəticəsində açılacaq. Demokratiyadan qorxan qonşularımızın regionda təsir gücünün azalması bu nəticəyə gətirəcək.
Qarabağın işğaldan azad edilməsində, suverenliyin bərpa olunmasında prezidentin rolu var, hazırda onun reytinqi çox yüksəkdir. Bütün hallarda seçkidə onun ciddi səs toplayacağı aydındır. Boykot qərarı verən bəzi siyasi qüvvələrin isə seçkilərə qatılmaları daha uyğun addım olardı.
Hesab edirəm ki, prezidentin yenidən seçiləcəyi aksiomdur. Xalqımız dövlətçidir. Ona görə də, xalq dövlətçilik prinsipindən çıxış edərək addım atacaq. Ancaq növbəti dönəmdə parlament və bələdiyyə seçkiləri demokratik keçirilməyəcəksə, bunun çox ciddi siyasi fəsadları ola bilər”.
Səxavət Məmməd
www.yenicag.az