Ermənilər Əsgəranda iki azərbaycanlını qətlə yetirib – 27 il öncə
Tarixdə bu gün fevralın 25-də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib, erməni millətçiləri Əsgəranda daha iki azərbaycanlını qətlə yetiriblər, Akademik İmam Mustafayev Qax rayonunda anadan olub, Azərbaycanla Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub.
1910 – Akademik İmam Mustafayev (1910-1997) Qax rayonunda anadan olub. İmam Mustafayev sovet Azərbaycanın rəhbərlərindən biri, 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın 1-ci katibi olub. Azərbaycanda aqrar elmin (taxılçılıq) inkişafında, elmi kadrların hazırlanmasında xidmətlər göstərib.
1910 – Tanınmış rəssam, milli teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayev (1910-1970) anadan olub. Azərbaycan Dövlət İncəsənət Muzeyi Rüstəm Mustafayevin adını daşıyır.
1951 – Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Hənifə oğlu Yaqubov Astara rayonunun Balaca Şahağac kəndində anadan olub. 1974-2000-ci illərdə “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər” və “AFFA news”, “Panorama” qəzetlərində müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb. “Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” və s. kitabların müəllifidir.
1964 – Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədov (25.02.1964) Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olub. 1992-ci il 8 oktyabr tarixli prezident fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb. Ayyarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.
1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib. Erməni millətçiləri Əsgəranda daha iki azərbaycanlını qətlə yetiriblər.
1992 – Azərbaycanla Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub. Yəmən Ərəb Respublikası ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb.