Ermənilər ruslara qarşı aksiya keçirdi-Fotolar
Ermənistanın Gümrü şəhərində Rusiya Baş Konsulluğunun binasına doğru avtoyürüş başlayıb.
Aksiyada yüzlərlə sakin iştirak edir. Onlara İrəvandan gələn ictimai fəallar da qoşulub.
Yüzlərlə avtomobil Gümrüdəki 8 saylı hərbi şəhərcikdən Rusiya Baş Konsulluğuna istiqamət götürüb. Yürüş iştirakçıları Rusiyadan Gümrüdə Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirmiş hərbçi Valeri Permyakovu Ermənistana təhvil verməyi tələb edirlər. İştirakçılardan bəziləri Rusiya bayrağını tapdalayıb.
Qeyd edək ki, qətl hadisəsi yanvarın 12-də Gümrüdə, Avetisyan ailəsinin evində baş verib. Qatilin Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov olduğu sübuta yetirilsə də, hərbçi Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib və istintaq müştərək aparılır(apa).