“Ermənilər son dörd ildə Vanda…” – Müsahibə
DAK və BDM-in İcra Aparatının rəhbəri Samir Adıgözəllinin Yenicag.az-a müsahibəsi
Dünyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, habelə saxta erməni soyqırımının ifşa edilməsi, əsl həqiqətlərin üzə çıxarılması istiqamətində son illər Dünya Azərbaycanlıları Konqresi (DAK), Beynəlxalq Diaspor Mərkəzi (BDM) kimi qurumlar mühüm işlər görüb. Ermənilər isə qondarma soyqırımın 100 illiyilə bağlı olaraq, qarşıdan gələn ildə daha çox canfəşanlıq etmək niyyətindədirlər.
Onların bu saxtakarlığının qarşısını almaq üçün nə etməli sualı ilə Yenicag.az saytı olaraq, DAK Mərkəzi İcra Aparatının rəhbəri, BDM sədrinin müavini Samir Adıgözəlliyə müraciət etdik. O, bu istiqamətdə gördikləri və planlaşdırdıqları işlər barədə məlumat verdi : “Qondarma erməni soyqırımının ifşa olunması ilə bağlı olaraq, beynəlxalq platformada illərdir ki, fəaliyyət göstəririk. Son 6 ildə bu istiqamətdə bir neçə layihəmiz həyata keçib. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın Ermənistan tərəfindən işğala məruz qalması və ölkəmizə dəyən maddi, mənəvi, iqtisadi zərərlərlə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqla yanaşı, erməni saxtakarlığı, onların dünya ölkələrini aldatması istiqamətində də geniş təbliğat işləri aparırıq. Bu istiqamətdə əsasən Avropada, Çexiya, Avstriya, Almaniyada bir neçə tədbirimiz olub. Türkiyədə də bu istiqamətdə tədbirlər keçirmişik. Həmin addımlarımızı proqram şəklində həyata keçiririk. Bir neçə dəfə Bakıdakı ABŞ səfirliyinə, Ağ Evə, Senata da bu istiqamətdə bəyanatlar, məktublar ünvanlamışıq. Bu addımlarımızla ABŞ dövlətinin diqqətini Qarabağ məsələsi, ermənilərin son 100 ildə burada həyata keçirdiyi cinayətlər üzərinə yönəltmək istəyirik. Habelə düşünürəm ki, bu istiqamətdə Ukrayna, Belorus, Baltikyanı ölkələrin ictimiayyətini də məlumatlandırmaq gərəkdir. Son illər apardığımız fəaliyyət nəticəsində çex və belorus ictimaiyyətində erməni saxtakarlığı və ikiüzlüyü ilə bağlı dolğun məlumatlar yayılıb. Lobbiçilik, diaspor fəaliyyəti ondan ibarətdir ki, bu yolla həmin ölkələrdəki diaspor təşkilatlarımızla yanaşı, onların da gücündən istifadə etməklə, oradakı ictimaiyyətin içərisinə də daxil olaraq, həqiqətləri onlara çatdılra bilək. Beynəlxalq Diaspor Mərkəzi və Dünya Azərbaycanlıları Konqresinin bütün tədbirləri, səfərlərində ana xətt məhz bu məsələlərdir. Qondarma erməni soyırımı ilə bağlı Beynəlxalq Diaspor Mərkəzi Türkiyənin Mücadilə Dərnəyi ilə ortaq protokolumuz var və onunla birgə də bir sıra tədbirlər keçirmişik. Qondarma soyqırımın 100 illiyi yaxınlaşdıqca təbii ki, ermənilərin bu istiqamətdə fəaliyyətləri dahd geniş xarakter alır. Son 4 ildə ermənilər Türkiyənin Van şəhərindəki kilsədə də aktivləşib. Onlar buradakı qüvvələrini də cəmləşdirərək, geniş fəaliyyət göstərmək cəhdlərində bulunurlar. Bura Ermənistandan, Türkiyənin özündən, hətta Avropadan kifayət qədər erməni gəldiyi barədə məlumatımız var. Biz onların buradakı ayinlərinə qarşı deyilik. Amma aydın məsələdir ki, bu gün Türkiyəni genosiddə ittiham etməklə, əsl məqsədləri qardaş ölkəyə qarşı ərazi iddiası, işğal etdikləri Azərbaycan torpaqlarını öz əraziləri olaraq dünya ictimaiyyətinə çatdırmaq və bu oyunla daha çox qoparmağa çalışmaqdan ibarətdir. Bununla bağlı olaraq, Türkiyə və Avropada bir neçə tədbirimiz olacaq. Öncəki aylardan başlayaraq, bu istiqamətdə fəaliyyətimizi genişləndirəcəyik. Həmişə olduğu kimi erməni kilsəsi bu saxta fəaliyyətin başında dayanır. Həmçinin, İrandakı erməni kilsəsi də bu istiqamətdə ciddi çalışır. Onlar bir-birilə əlaqəli şəkildə fəaliyyət göstərir. Qondarma erməni soyqırımı ilə bağlı olaraq İrandakı erməni kilsəsində yardımlar toplanıb, sərgilər keçirilib”.
Həmsöhbətimiz İran rejiminin güneyli soydaşlarımıza qarşı qərəzli münasibət sərgiləməkdə davam etməsini də qınadı: “İrandakı mövcud rejimin orada yaşayan türklərə olan acı münasibətidir ki, müsəlman ölkəsi olsalar da, ermənilərə qucaq açırlar. Bu gün Güney Azərbaycan torpaqlarında, xüsusən Urmiyyə bölgəsində kürdlərin silahlanması, bu istiqamətdə onların fəallığının artması təbii ki, bizi narahat edir. Güney Azərbaycan türklərinin sadəcə olaraq, ana dili və insan hüquqları uğrunda öz haqlarını tələb etməsinə qarşı isə Tehran rejimi yenə də özünün qeyri-insani fəaliyyətini göstərməkdə davam edir. Bu məsələlərlə bağlı olaraq da müxtəlif tədbir və konfranslar keçirərək dilə gətiririk. Məqsədimiz oradakı soydaşlarımızın hüquqlarına sahib çıxmaqdır. Kimin nə deməsindən asılı olmayaraq, DAK Güneydə yaşayan soydaşlarımızın haqları, onların üzləşdiyi problemlərlə bağlı mövqeyini göstərib və göstərəcək. Oradakı fəaliyyətlə bağlı araşdırmalar aparırıq, durumla maraqlanırıq. Çalışırıq ki, Azərbaycan Respublikası və dünya ictimaiyyətinə də bu istiqamətdə məlumatlar verə bilək. DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı da beynəlxalq qurumlar, Avropa Parlamentində, ABŞ Senatında Güneydəki durumla bağlı geniş məlumatlar vermişdi. Bu istiqamətdə fəaliyyətimiz yenə davam edir”.
Rüfət/Yenicag.az