“Ermənilər sülhə meyilli olsaydılar, …”
Mən düşünürəm ki, müharibə şəraitində olan dövlət belə hallarda hansı addımları atmalıdırsa, yəqin ki, Azərbaycan da o addımı atacaq. Sadəcə olaraq, Ermənistan normal dövlət deyil ki, onunla normal diplomatik tərzdə danışasan. Bir-biri ilə düşmən olan, müharibə şəraitində olan dövlətlər arasında da, təsadüfən, pusquya düşən və ya girov götürülən insanlar olanda, onlara qarşı insani münasibətlər göstərilir və müəyyən şərtlər müqabilində azad edilirlər. Amma mən mətbuatda oxuyuram ki, onlardan birinin gözü çıxarılıb. Ondan sonra onlar müxtəlif təzyiqlərə məruz qalıblar”.
Bunu Vətəndaş Həmrəyliyi partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, doğma torpaqları olan Kəlbəcəri ziyarət edərkən ermənilər tərəfindən girov götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyev barəsində danışarkən deyib.
Onun sözlərinə görə, əgər Ermənistan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdırsa, Ermənistanın bir çox ağlı başında olan adamları münaqişənin danışıqlar yolu ilə həll olunmasını deyirsə, bu danışıqlarin bir yolu da insanların dədə-baba torpaqlarına gedib-gəlməsini saxlamaqdan ibarətdir:
“Çətin şəraitdə olsa da, Kəlbəcərdən olan köçkünlər ordu ilə üzləşmədən, sakitcə, gedib öz torpaqlarını ziyarət edib gəlirlərsə, hətta buna bir zarafat kimi baxırlarsa, bu, müharibəyə bir etirazdır. Bu, Azərbaycan əhalisinin məsələnin müharibəsiz həllinə və ermənilərlə ünsiyyət qurmağa hazır olduğunu isbat edir. Hətta onların işğal etdiyi bölgədə dana kəsib kabab eləməyin də insani bir anlamı var. Bu, onu göstərir ki, biz yenə də insan kimi yaşaya bilərik. Əgər ermənilərin ağlı yerində olsaydı, buna çox normal baxardılar. Ermənilər sülhə meyilli olsaydılar, onlara böyük hörmətlə yanaşdıqdan sonra kabab yeməyi orada davam elətdirib, sonra onları keçirərdilər sərhəddən bu tərəfə ki, bizim qonşuluq münasibətlərimiz yerindədir. Amma təəssüf ki, ermənilər torpaqları işğal ediblər və elə bilirlər ki, daha bunların qabağında heç kim dayanmaz, bunlar elə əbədi bu torpaqlarda oturacaqlar və cəzasız qalacaqlar. Amma vaxt gələcək, onlar etdiklərinin cavabını verəcəklər. Ona görə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinə, insan haqları təşkilatlarına müraciət edib, soydaşlarımızı girovluqdan azad etməlidir”.