“Əkin yerlərinin hamısı Azərbaycana qayıdır. Bizikilər sevinir elə bilir Ermənistana girmişik, ermənilər də dəli olur elə bilirlər ki, Azərbaycan onların torpaqlarını işğal edir. Fakt odur ki, xəritə üzərində o ərazilər Azərbaycana məxsusdur”.
Qaragölün və ətraf ərazilərin Azərbaycana məxsus olması, 1977-ci ildə baş vermiş hadisələrlə bağlı yazını təqdim etdikdə araşdırmaya davam edəcəyimizi bildirmişdik. Ötən yazıda da qeyd etmişdik ki, ermənilərin həmin əraziyə iddiası əsassızdır. Onların Qaragöl və ətraf əraziləri sadəcə olaraq saxta yollarla ələ keçirmək niyyətləri olub. Lakin bu, Laçın camaatının ayıqlığı nəticəsində baş tutmayıb.
Laçın rayon təhsil şöbəsinin uzun müddət baş inspektoru olmuş Nizami İsmayılov 1977-ci ildə baş vermiş hadisələrin birbaşa şahidi olmuşdu. Bu yazıda isə Laçın rayonunun uzun zaman baş memarı vəzifəsində işləmiş, daha sonra (29 may, 1992 – 9 dekabr, 1992) Laçın rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmiş Azər Məmmədov sənədlərin saxtalaşdırılmasından, Qaragöl ətrafında baş verən hadisələrdən bəhs edib.
Məntiq də onu deyir ki, əgər bir əraziyə iddia varsa, oranı qanuniləşdirmək istəyi yaranırsa, saxta sənədlər düzəltmək lazım gəlir. Qaragöl və ətrafındakı ərazilərlə bağlı da erməni tərəfinin etdiyi məhz bu olub. Zamanında ermənilər Mikoyanın xüsusi fəaliyyəti nəticəsində SSRİ rəhbəliyi Azərbaycanla Ermənistan sərhədlərinin müəyyən edilməsi üçün girinti və çıxıntıların ləğv olması barədə fərman vermişdi. Həmin fərmanı həyata keçirməyi isə Kortoqrafiya Baş İdarəsinin Tiflisdəki filialına tapşırıblar. Məxfi sənədləri məhz bu idarə çap edib.
Məxfi xəritələrlə işləmək səlahiyyəti olan Azər Məmmədov bunları deyir:
“Bizdə bir xəritə vardı. Xəritənin üzərində tamamilə məxfi yazılmışdı. Vəzifə dəyişəndə onu imzalayıb, növbəti şəxsə verilirdi. Bizdəki məxfi topoqrafik xəritə 1957-ci ilin idi. Fərmana əsasən girinti və çıxıntıları yerə köçürəndə, Tiflisdəki Baş İdarədə oturan ermənilər nə qədər əkinə yararlı yerlər var idi, onu kəsib Ermənistan ərazisinə qoyurdular. Bu mənada Qaragöl ətrafındakı əkin sahələri ermənilərə keçdi. Camaat narazılıq etdi. Ermənilərin əllərində 1970-ci illərin məxfi xəritələri idi. Köhnə məxfi xəritələrdə həmin ərazilər Azərbaycana, yenidə isə Ermənistana düşürdü. Bunu da SSRİ nazirlər sovetinin girinti və çıxıntıların ləğv edilməsi fərmanına əsasən edirdilər. Qanuna görə, yerdən xəritələr çəkiləndə həmin ərazidəki kolxozun, kəndin adamlarının ümumi qərarı nəzərə alınırdı. Əslində bunlar formal xarakter daşıyırdı. Həmin girinti-çıxıntıların ləğv edilməsi zamanı Qaragöl və ətraf əraziləri kəsib Ermənistana vermək istəyirdilər. O vaxt Qarıqışlaq kənd orta məktəbinin iki müəllimi – Çingiz Mehrəliyev və İbiş Əsgərov patriot kimi bu məsələni Moskvaya şikayət etdilər. Bildirdilər ki, o ərazi bizim dədə-baba yerimizdir. Məsələni qaldırdılar, Moskvadan 1977-ci ildə komissiya gəldi və orda dava-dalaş oldu.
Ermənilər xəritəni sənədləşdirmək üçün hazır, dolduruluş blankları gətirib, kolxoz sədrlərinə möhür vurdururdular. Koloz sədrləri də, düşünürdü ki, dövlət sənədidir, ona görə oxumadan möhürləyirdilər. Ermənilər bizim bu mental məsələmizdən ustalıqla istifadə edib, sənədləşmə aparırdılar. Sənəd göstərdilər ki, kolxozun ümumi yığıncağının qərarı var. Kolxozdan soruşanda özləri də təəccüb edirdi ki, biz iclas keçirməmişik axı. Faktiki kolxoz sədrləri sənədlərə baxmazdılar. Bunu özüm də yaşamışam. Adi məktəb üçün bina tikmək lazım olanda, sənədləri hazırlayırdıq, kolxoz sədrini görəndə deyirdik ki, buna peçat vur. O da vururdu. Ermənilər bundan çox yaxşı istifadə etmişdilər. Sonra Çingiz və İbiş müəllimin sayəsində camaat ayağa qalxdı. Bundan sonra SSRİ rəhbərliyi məcburi ərazini qoruq etdi”.
Hazırkı baş verən proseslərə gəldikdə isə Azər Məmmədov bildirib ki, Azərbaycan əsgəri xəritə ilə doğru olanı edir:
“Ermənilər sənədləri yığsa da SSRİ dağıldığı üçün rəsmi sürətdə Moskvadan təstiq ala bilməmiş, sənədləri hüquqi qüvvəyə mindirə bilməmişdi.
Azərbaycan tərəfi də qanuni xəritə üzərində GPRS-lə koordinatları təyin edib yerdə sərhəd çəkir. GPRS-lə aparılan iş nəticəsində ermənilərin bizdən aldığı torpaqlar avtomatik Azərbaycana qayıdır. Azərbaycan əsgərlərinin erməniləri qovması ilə bağlı görüntülərin yer aldığı video sosial şəbəkədə yayılmışdı. Həmin yerlər rəsmi olaraq Azərbaycan torpaqlarıdır. Sonradan saxta sənədlərlə, daha sonra isə zor gücü ilə Azərbaycandan almışdılar. Hazırkı xəritələr bizim o vaxt ərazinin dəyişilməməsi üçün mübarizə apardığımız xəritələrdir. Hüquqi sənəd odur. Ona görə də Şurnuxu, Zeybə, Qaragöldəki əkin yerlərinin hamısı Azərbaycana qayıdır. Bizikilər sevinir elə bilir Ermənistana girmişik, ermənilər də dəli olur elə bilirlər ki, Azərbaycan onların torpaqlarını işğal edir. Fakt odur ki, xəritə üzərində o ərazilər Azərbaycana məxsusdur”.
Kolxoz sədrlərinin məsuliyyətsizliyi torpaq itkisi ilə nəticələnə bilərdi. Ancaq iki müəllimin SSRİ-ni qarşısına alması, indi Azərbaycanı haqlı və əlini güclü çıxarır.
Söhbət etdiyimiz bir neçə Laçın ziyalısı Çingiz Mehrəliyev və İbiş Əsgərovun adının əbədiləşdirilməsini də təklif edirlər.
Səxavət Məmməd
www.yenicag.az