Ermənistan Aİİ-yə qoşulmaq üçün nə etməlidir?

media-hightechnic-468x90

jjio9Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq üçün Ermənistan ya işğalçılıqdan imtina etməli, ya da Rusiyanın tərkibinə girməlidir.

Bunu cümə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin direktorunun sözlərinə görə, Aİİ-yə üzvlük məsələsində Ermənistan üçün həm iqtisadi, həm də siyasi xarakterli ciddi problemlər yaranıb. Rusiya problemlərin əsas qaynağı kimi Qazaxıstanı təqdim etsə də, Belorusun da Ermənistanın Aİİ-yə üzvlüyündə maraqlı olmadığı aydındır. Çünki rəsmi Astana və Minskin bu mövzuda əsas maraqları iqtisadiyyat üzərində qurulub: “Ermənistan külli-miqdarda xarici borcu olan, iqtisadi inkişaf perspektivi olmayan dövlətdir. Qazaxıstan və Belorus “Ermənistan” adlı borc yükünü öz üzərilərinə götürmək istəmirlər. Bundan əlavə, hər iki dövlətin sözügedən üzvlüklə bağlı siyasi iradları da var. Ermənistan qonşusu Azərbaycanın torpağını işğal edib və bu zaman müxtəlif dövlətlərin imkanlarından yararlanıb. Ermənistanın indiki işğalçılığının davam etməsi Rusiyanın hesabınadır. Ermənistanı dəstəkləməklə Qazaxıstan və Belorusiya Rusiyanın MDB məkanındakı separatizm və işğalçılıq siyasətinə dəstək vermiş olurlar. Bu isə gələcəkdə hər iki dövlətə qarşı çevrilə bilər. Qazaxıstan və Belorus Rusiya siyasətinin sərt üzünü daha çox müşahidə ediblər, sadəcə bunu “malalamağ”ı yaxşıca bacarıblar. Rusiyanın MDB məkanındakı separatizm və işğalçılıq trendinə “dur” demək üçün Astana və Minskin əlinə yaxşıca fürsət düşüb”.

Politoloq hesab edir ki, Ermənistanın geriyə, Aİİ-dən uzaqlaşmağa yolu yoxdur. Çünki Rusiya buna imkan verməyəcək. Burada iki mümkün variant var: “Birinci variant Ermənistanın işğalçılıqdan imtinasından ibarətdir. Ermənistan Azərbaycan torpaqlarını azad edir, Azərbaycanla iqtisadi əməkdaşlığa rəsmi Bakını razı salır, regional iqtisadi layihələrə qoşulur. Bununla da Ermənistan özünə iqtisadi perspektiv yaradır, həm də işğalçılığın ziyanlı olduğu mesajını verir. İkinci variant isə budur ki, Ermənistanın Kalininqrad vilayəti statusu ilə Rusiyanın tərkibinə daxil olmasıdır. Qazaxıstan və Belorusun Ermənistanın Aİİ üzvlüyünə maneçilik siyasəti indi Rusiyanın xeyrinədir. Təzyiq altında qalan Ermənistan Rusiyanın əmrlərini daha rahat yerinə yetirəcək. Ermənistan üçün təzyiq vacibdir və göründüyü kimi hal-hazırda təkcə Rusiya təzyiq etmir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600