Ermənistan avtoritarizmə sürüklənir: “Aİ-nin səssizliyi artıq mövqe deyil, şəriklikdir”
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Paşinyan hakimiyyətini sərt tənqid edib.
Yenicag.az xəbər verir ki, “Hraparak” nəşrində dərc olunan məqalədə Ermənistanın demokratik institutlardan uzaqlaşması və Avropa İttifaqının bu prosesə münasibətdə nümayiş etdirdiyi passivlik sərt tənqid olunub.
Məqalədə bildirilir ki, Avropa İttifaqı və onun İrəvanda fəaliyyət göstərən üzv ölkələrinin səfirlikləri ölkədə demokratiyanın süqutuna səssiz yanaşmaqla yanaşı, dolayısı ilə bu prosesə şərik olurlar. Müəllif qeyd edir ki, illər boyu Aİ Ermənistana milyonlarla avro vəsait ayıraraq məhkəmə, polis, media və vətəndaş cəmiyyəti sahələrində islahatlara dəstək verib. Lakin bu gün həmin qurumlar Baş nazir Nikol Paşinyanın hökuməti tərəfindən repressiya alətlərinə çevrilib.
Hazırda onlarla siyasi məhbusun həbsdə olduğu, tək günahlarının isə hökuməti tənqid etməkdən ibarət olduğu bildirilir. Opozisiya liderləri təqib edilir, məhkəmələr hakimiyyətin əmrlərini yerinə yetirən alətə çevrilib, qadağa və təzyiqlərlə demokratiya boğulur. Eyni zamanda Ermənistan Apostol Kilsəsinə qarşı hökumətin apardığı qarayaxma kampaniyası və institusional təzyiqlər xüsusi qeyd olunur. Müəllif yazır ki, başqa bir ölkədə tarixi dini quruma qarşı belə hücumlar beynəlxalq diplomatik dairələrdə qınaq doğurardı, lakin Aİ-nin Ermənistandakı nümayəndələri buna göz yumur.
Bütün bu fonda Brüsselin Cənubi Qafqaza yalnız geosiyasi maraqlar prizmasından yanaşdığı, demokratiya məsələlərini ikinci plana keçirdiyi tənqid edilir. Enerji təhlükəsizliyi, Rusiya və İranla balans Aİ üçün demokratiyadan daha vacib faktorlardır.
Məqalənin sonunda xəbərdarlıq edilir ki, əgər Aİ Ermənistandakı avtoritar meyllərə qarşı susmağa davam edərsə, təkcə mənəvi nüfuzunu deyil, həm də regiondakı strateji əhəmiyyətini itirəcək.