Ermənistan Hindistanla birgə silah İSTEHSAL EDƏCƏK? – “Nəzəri baxımdan mümkün görünsə də...”
“Nəzəri baxımdan mümkün görünsə də, praktiki baxımdan Ermənistanda Hindistanla birgə silah istehsalı real görünmür”.
Bu fikri Hindistanla Ermənistanda silah anlaşmaları və Ermənistanda Hindistanla birgə silah istehsalı iddiasını Yenicag.az-a dəyərləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov deyib.
Onun sözlərinə görə, Ermənistan silahlanmaq üçün bütün variantlara baş vuracaq:
“Rusiyanın başının Ukrayna müharibəsinə qarışdığına görə ruslar hətta bağladıqları müqavilələri yerinə yetirə bilmirlər. Ermənistan tərəfi bir növ Hindistana üz tutması da bununla bağlı idi. Maraqlı bir məqam var ki, indi Hindistanın özü də Pakistanla münaqişə içərisindədir. Bu da onu deməyə əsas verir ki, Hindistan da öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilər. Hətta silahların gecikəcəyi ilə bağlı iddialar da ortaya atılıb”.
“Ermənistanda Hindistanla birgə silah istehsalı isə baş tuta bilər. Ermənistan uzun zamandır ki, bu yöndə addımlar atır. Ancaq bu kifayət qədər bahalı işdir, bundan əlavə, lisenziyalar da alınmalıdır. Ona görə də nəzəri baxımdan mümkün görünsə də, praktiki baxımdan Ermənistanda birgə silah istehsalı sual altındadır”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd