Ermənistan parlament idarəetmə sisteminə keçdikdən sonra Milli Şura işğalçı ölkənin növbəti prezidentini seçdi. Ermənistanın yeni prezidenti Respublika partiyasından olan namizəd Armen Sarkisyandır. A.Sarkisyanın prezident seçilməsinə 90 deputat səs verib, 10 nəfər isə əleyhinə olub.
Bu seçimi Yenicag.az-a açıqlamasında şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Araz Aslanlı bildirdi ki, yeni prezidentin dövründə də Ermənistan ümumən əvvəlki siyasətini davam etdirəcək, işğalçı siyasətdən əl çəkməyəcək:
“Adətən, normal ölkələrdə yeni seçilən prezident dövründə ölkənin daxili və xarici siyasətində hansısa bir nəticə və fərqlilik yaranır. Amma bunu Ermənistanla bağlı deyə bilmərik. Ona görə ki, Ermənistanda dəyişiklikdən sonra prezidentin səlahiyyətləri azaldılıb. İndi baş nazirin rolu artıb. Digər tərəfdən görmüşük ki, işğalçı ölkədə hətta prezidentin səlahiyyəti geniş olanda belə, dövlətin başında dayanan şəxs hüquqi səlahiyyəti olsa da, Qarabağ problemilə bağlı həlledici qərarlar qəbul edə bilməyib. Bunu Levon Ter-Petrosyan, habelə Robert Köçəryanın da timsalında gördük. Serj Sarkisyanın dövründə isə vəziyyət o həddə gəlib çatmışdı ki, ondan da xüsusi bir addım gözlənilmirdi. Yəni xarici amillərin təsiri üzündən elə olub ki, Ermənistan prezidentləri Qarabağ problemilə bağlı zəruru məqamda qərar qəbul etməkdə aciz olublar. Hətta müəyyən məqamda prezident qərar qəbul etsə də, onun reallaşması mümkün olmayıb.
Xüsusən də, 1997-ci ilin sonlarında Minsk qrupu tərəfindən münaqişənin həllilə bağlı təsdiq olunan mərhələli həll planı həm Bakı, həm də İrəvan tərəfindən qəbul olunmuşdu. Faktiki olaraq, bu istiqamətdə müqavilə imzalana bilərdi. Amma Ermənistanda xüsusən xarici, qismən də daxili amillər elə rol oynadı ki, Ter-Petrosyan istefaya getməyə məcbur oldu. Ona görə də arzu edərdik ki, belə hallarda hakimiyyət dəyişsin və münaqişənin ədalətli həllinə nail ola bilək. Lakin indiki halda Ermənistanda prezidentin səlahiyyəti azaldıldığından yeni dövlət başçısından Qarabağ məsələsində ciddi addımlar ata biləcəyini gözləyə bilmirik. İkinci bir tərəfdən, Ermənistanda qərarların qəbulu İrəvanın öz əlində deyil. Ermənistan müstəqil qərar vermək iqtidarında deyil.
Ona görə də hesab edirəm ki, yeni prezidentin seçilməsi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xüsusi bir nəticə yaratmayacaq. Çünki indiki halda baş nazirin səlahiyyətləri daha çoxdur. Ona görə də yeni vəziyyətin formalaşması və Ermənistanın nə dərəcədə müstəqilləşməyə çalışmasını gözləməliyik.
Onu da qeyd edim ki, Ermənistanda idarəetmə sisteminin dəyişməsi Qarabağ məsələsinin həlli prosesində vəziyyəti bir qədər mürəkkəbləşdirəcək. Əvvəlki situasiyada qərarların qəbulu məsələsi bir nəfərin – prezidentin üzərində olurdu. Yəni danışıqlarda (ermənilər bu danışıqları pozmağa bəhanələr gətirsələr də) qarşı tərəf konkret bəlli idi. İndiki situasiyada isə əsas səlahiyyətin baş nazirdə olması ilə ermənilərin “cığallıq etmək” üçün imkanları bir qədər artıb. Ehtimallar var ki, yeni prezidentin dövrində Ermənistan müəyyən qədər Qərbə meyil edəcək. Yeni prezidentin vaxtilə Qərbdə işləməsi, qərb dəyərlərinə daha yaxın olması fonunda belə düşüncələr mövcuddur. Amma strateji cəhətdən Ermənistanın yeni dönəmdə də Rusiyanın təsir dairəsindən çıxıb, Qərbə meyil istiqamətində qərar verəcəyini gözləmirəm. Hətta imicin dəyişilməsi məsələsində də İrəvan atmaq istədiyi addımları Moskva ilə məsləhətləşəcək”.
ELÇİN
www.yenicag.az