Ermənistan öz qurduğu tələyə özü düşdü…

media-hightechnic-468x90

jiokoSiz heç özü qurduğu tora düşüb çabalayan hörümçək görmüsünüzmü? Təbiətin yaratdığı bu varlıq özünə yem ovlamaq üçün tor qurur. Ancaq hərdən başı tor qurmağa o qədər qarışır ki, özü də həmin tora düşür və çıxa bilmir…

Ermənistan prezident Serj Sərkisyanın ölkəsini vaxtilə qurduğu tordan – Azərbaycan ərazilərini işğal etməsi nəticəsində düşdüyü dəmiryol blokadasından çıxarmaq üçün göstərdiyi son çarəsiz cəhdlər də bu mənzərəni xatırladır.

Serj Sərkisyan iki gün əvvəl Gürcüstana etdiyi rəsmi səfərdə Ermənistanın düşdüyü dəmiryol blokadasından çıxması imkanlarına dair müzakirələr aparıb. Söhbət Gürcüstanın separatçı Abxaziya bölgəsindən keçən və Ermənistanı Rusiyaya birləşdirən, 23 ilə yaxındır bağlı olan dəmir yolunun açılması perspektivlərindən gedir.

Sərkisyan “Rustavi-2” telekanalına müsahibəsində deyib ki, Ermənistan bu dəmir yolunun açılmasını istəyir, ancaq bu istiqamətdə hələ “ciddi danışıqlar” aparılmır.

“Ciddi danışıqlar getmir, ancaq biz istərdik ki, bu yol açılsın. Bu, bizim üçün həyati əhəmiyyət kəsb edir. Ancaq dəmir yolunun açılması təkcə Ermənistandan və Rusiyadan deyil, digər tərəflərdən də asılıdır. Ona görə də biz bu istiqamətdə fəal iş aparırıq” – deyə Sərkisyan bildirib.

Ermənistan dövlət başçısı “digər tərəflər” dedikdə şübhəsiz ki, Azərbaycanı da nəzərdə tutur. Hətta Gürcüstan Rusiyanın faktiki nəzarəti altında olan Abxaziyadan keçən dəmiryolunun açılmasına razı olsa da (“Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlişindən sonra Tiflisdə belə təkliflər eşidilirdi-müəl.) Azərbaycanın razılığı olmadan, Qarabağ münaqişəsi həll edilmədən bu mümkün olmayacaq. Ermənistanda da nəzərə alırlar ki, Gürcüstan Azərbaycandan nə dərəcədə asılıdır və istənilən hakim koalisiya, istənilən president və hökumət onun maraqlarına təhlükə yaradan addıma getməyə risk etməzdi.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili də deyir ki, Abxaziyadan keçən yolun açılması konkret müzakirə predmeti deyil. Buna baxmayaraq gələcəkdə məsələ Rusiya ilə Gürcüstan arasında danışıqlar predmeti ola bilər.

Zakareişvili bu şərhlə “Rusiya Dəmiryolları” QSC-nin rəhbəri Vladimir Yakuninin bəyanatına cavab olaraq çıxış edib. Yakuninin sözlərinə görə, diqqəti “Abxaziya və Gürcüstandan Ermənistana gedən dəmir yol əlaqəsinin bərpasına yönəltməyin vaxtıdır”.

Ermənistanın dəmiryolları şəbəkəsi “Rusiya Dəmiryolları”nın mülkiyyətindədir. Ancaq xarici iki çıxış istiqamətinin hər ikisi bağlı olan dəmiryollarından nə qazanmaq olar?

Vladimir Yakunin

Bu baxımdan Rusiya həm Ermənistan dəmiryolları şəbəkəsindən gəlir götürmək, həm də regiondakı forpostu ilə birbaşa dəmiryol əlaqəsini bərpa etmək üçün Abxaziyadan keçən dəmiryolunun açılmasında maraqlıdır.

Hərçənd ki, “İnternational Alert” təşkilatının hesablamalarına görə, 1991-ci ildən bağlı olan Abxaziya dəmiryolunun bərpası üçün 280 milyon dollar yaxın vəsait tələb olunur. Bu vəsaiti ən yaxşı halda 100 ildən sonra qaytarmaq mümkün ola bilər.

Ermənistanın dəmiryol blokadasından çıxarılması imkanları Vladimir Yakuninin İrəvana bugünkü səfərində də əsas mövzudur. Abxaziyadan keçən dəmiryolunun açılması hələlik real olmadığına görə Ermənistan İran dəmiryolları vasitəsilə blokadadan çıxmağa çalışır. Neçə vaxtdır ki, İran dəmiryollarının Ermənistana birləşdirilməsi layihəsi müzakirə olunur, tərəflər arasında razılaşma var. Ancaq tikinti işlərinin nə vaxt başlayacağı məlum deyil.

Erməni KİV-lərinin xəbərlərinə görə, Yakunin İrəvanda prezident Sərkisyan və digər rəsmilərlə danışıqlar aparıb.

S.Sərkisyan maraqlanıb ki, İran-Ermənistan dəmiryolunun tikintisi nə vaxt başlaya bilər.

“İran-Ermənistan dəmiryolunun tikintisi olduqca aktualdır. Bu sualı bizə Ermənistan prezidenti də verdi. Lakin bu məsələ təkcə dəmiryol nəqliyyatının səlahiyyətləri çərçivəsində deyil, söhbət məsələnin siyasi həllinin tapılmasından gedir. Görünən odur ki, biz indi Abxaziyadan keçən dəmiryolunun açılması məsələsinə də köklənməliyik” – deyə Yakunin bildirib.

Rusiya dəmiryollarının rəhbərinin bildirdiyinə görə, hazırda İran tərəfinin təklifi ilə Qəzvin-Rəşt-Astara (Azərbaycan) dəmiryolunun tikintisinin başa çatdırılması məsələsi müzakirə olunur. Bu, “Şimal-Cənub” dəmiryol dəhlizinin bir hissəsidir.

Yakuninin sözlərinə görə, İran ərazisində tikinti işləri praktiki olaraq yekunlaşıb və Rusiya ilə İran arasında ikitərəfli müqavilənin imzalanması təklif olunur.

Beləliklə, hazırda Rusiya Azərbaycan üzərindən İrana dəmiryol dəhlizinin açılmasında daha çox maraqlıdır, Ermənistan-İran dəmiryolunun tikintisi isə cəlbedici deyil. Çünki Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsindən sonra Azərbaycan Avropa ilə Asiyanı birləşdirəcək dəhlizə çevriləcək. Qəzvin-Rəşt-Astara (Azərbaycan) dəmiryolunun tikintisinin başa çatması isə eyni vaxtda Rusiya və İrana imkan verəcək ki, bu dəhlizdən istifadə etsinlər.

Ermənistan dəmiryollarının İrana birləşdirilməsi isə Rusiya üçün maraq kəsb etmir. Axı Ermənistanı Rusiya ilə birləşdirən Abxaziya dəmiryolu və Ermənistandan Türkiyə istiqamətinə dəmiryolu bağlı olduğu halda bu layihə Moskva üçün nə iqtisadi, nə siyasi baxımdan sərf etmir. Ermənistan İran dəmiryolları şəbəkəsi üzərindən xarici aləmə çıxış imkanı əldə etsə, bu yalnız Rusiyanın Ermənistana təsir imkanlarının zəifləməsinə xidmət edəcək.

Məhz buna görə Yakunin Sərkisyanın nəzərinə çatdırır ki, Ermənistan ancaq Abxaziya dəmiryolunun açılmasına, beləliklə də xarici aləmə Rusiya üzərindən çıxmağa ümid edə bilərdi.

Yeri gəlmişkən, Yakunin İrəvanda jurnalistlərə onu da deyib ki, Ermənistan dəmiryolları infrastrukturu Türkiyə istiqamətində hərəkətin bərpa edilməsinə tam hazırdır. Lakin Qars-Gümrü dəmiryolunun açılması ancaq iki ölkə arasında sərhədlərin açılmasına dair siyasi razılaşmanın əldə olunması halında mümkün ola bilərdi.

Yakunin deyib ki, Ermənistanda səfərdə olan türkiyəli biznesmenlər də dəmiryolunun açılması üçün texniki hazırlıqların tamamlandığına əmin olublar. Ermənistan dəmiryolları Türkiyə dəmiryollarından enlidir, ancaq bu texniki problemi vaxt itirmədən təkərlərin dəyişdirilməsi yolu ilə həll etmək olar.

Təbii ki, Ermənistanda Qars-Gümrü dəmiryolunun açılmasına hazırlıqları başa çatdıra bilərlər. Ancaq Sürix protokollarının aqibəti sübut etdi ki, Azərbaycanın razılığı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistanın işğal altındakı ərazilərdən çəkilməsi baş vermədən Türkiyədə heç bir “erməni açılımı” bu yolun açılmasına kifayət etməyəcək.

Belə olan halda Ermənistanın iki yolu qalır: ya Qarabağ münaqişəsinin nizamlanmasında kompromisə gedib işğal altındakı Azərbaycan ərazilərinin boşaldılmasına razılaşmaq, ya da öz qurduğu torda çabalamaq. Hörümçək kimi…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600