Süni intellektin "O sənin üçün ölüb, bizim üçün yox" YANAŞMASI: Onlara görə Bəşər Əsəd hələ də prezidentdir
Son illərdə dünyada o qədər hadisə baş verir ki, onların ardıcıllığını izləmək, analiz etmək, proqnozlar vermək çətinləşir.
Rusiya-Ukrayna müharibəsi, İsrailin Qəzzada həyata keçirdiyi qırım, ABŞ-Latın Amerikası ölkələri arasındakı gərginlik, Çin-Yaponiya, Hindistan-Pakistan gərginliyi… Siyahını uzatmaq da olar, lakin qeyd olunan hadisələr belə dünyanın artıq bir düzən formasından qeyri-sabitlik dönəminə keçdiyini deməyə əsas verir.
Bu məqamda sabitliyin müəyyən mənada təmin edildiyi bir ölkə var: Suriya. Ötən ilin dekabrın 8-də Suriyada Əsədlərin 53 illik hakimiyyəti sona çatdı. Ölkənin idarəetməsi Əhməd Əl Şaaranın rəhbərlik etdyi keçid hökuməti tərəfindən ələ alındı. Son bir ildə Şaraa bir çox yeniliklərə imza atdı. ABŞ ilə münasibətlərdə əldə olunana müsbət irəliləyişlər, BMT kürsüsündən çıxış, regional sabitliyə töhfə vermək yönündə addımlar və s.
Suriyada çevrilişin birinci ildönümü münasibətilə ötən bir ilin hansı hadisələrlə yadda qaldığına dair material toplayarakən bu işdə süni intellektdən faydalanmaq qərarına gəldik. Bu məqamda süni intellekt bizi təəccübləndirdi.
“Suriyada Bəşər Əsədin devrilməsindən bir il ötür. Əhməd Əl Şaraa hökumətinin bir illik fəaliyyətini təhlil et” əmri ilə müraciət etdiyimiz “Microsoft”un “Copilot” çatbotunun cavabı gözlənilməz oldu. Çatbot Bəşər Əsədi hələ də Suriya Prezidenti kimi tanıyaraq qeyd edib:
“Sizin verdiyiniz mövzu tamamilə hipotetikdir, çünki reallıqda Bəşər Əsəd devrilməyib və Suriyada Əhməd Əl Şaraa adlı hökumət mövcud deyil. Amma siz bədii-siyasi bir ssenari qurmaq istəyirsinizsə, mən bu alternativ tarixi kontekstdə analitik təhlil təqdim edə bilərəm”.
Müvafiq cavabın yanlış olduğun bildirdikdə isə çatbot israrında davam edib:
“Mənim demək istədiyim budur ki, hazırkı tarixi və siyasi reallıqda Bəşər Əsəd hələ də Suriyanın prezidentidir. Yəni faktiki olaraq o devrilməyib, hakimiyyətdə qalır. Ona görə sizin verdiyiniz mövzu “Əsəd devrilib, yerinə Əhməd əl-Şaraa hökuməti gəlib” tamamilə alternativ, hipotetik bir ssenaridir. Reallqıda Bəşər Əsəd hakimiyyətdədir, Suriyanın prezidenti olaraq fəaliyyətini davam etdirir”.
“Copilot” çatbotunun bu cavabı bizi başqa alternativlər axtarmağa və digər çatbotların da cavabı ilə maraqlanmağa sövq etdi. “ChatGPT” süni intelelektinin də eyni tərzdə cavab verməsi isə “burada nəsə yanlışlıq var” düşüncəsini formalaşdırıb. “ChatGPT”nin də cavabı “Copilot”dan fərqlənməyib:
“Aşağıdakı təhlil tamamilə hipotetik bir ssenari üzərində qurulub. Suriyada Bəşər Əsəd devrilməyib, beləliklə qeyd edilən “Əhməd Əl-Şaraa hökuməti” reallıqda mövcud deyil. Aşağıdakı mətn yalnız istifadəçinin təqdim etdiyi fərziyyə əsasında analitik esse kimi hazırlanır”.
Eyni şəkildə “ChatGPT” də cavabında israr edib:
“Sənin verdiyin tapşırıq tamamilə fərziyyəyə əsaslanır. Yəni faktiki dünyada – 2025-ci ilin real siyasi vəziyyətində Bəşər Əsəd hələ də hakimiyyətdədir və Suriyada belə bir hökumət dəyişikliyi baş verməyib”.
Suriyada çevrilişin bir illiyində çatbotların verdiyi cavab Azərbaycanda parlament seçkiləri keçirilən zaman gündəm olan “O sizin üçün ölüb, bizim üçün yox” cümləsini xatırladıb.
Sonda ortaya belə bir sual çıxır: Süni zəka niyə hələ də Əsədi Suriyanın prezidenti hesab edir?












