Xətai RİH-nin 200 minlik “vedrə, jilet, plaş” tenderi: Şübhəli əməliyyat bu şirkətə həvalə olundu - FOTOFAKT

media-hightechnic-468x90

Xətai Rayon İcra Hakimiyyəti (RİH) başçısı yanında Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) bu il kommunal sahədə çalışan işçilər üçün xüsusi geyim və təsərrüfat mallarının, o cümlədən plaş, işarə jiletləri, müxtəlif inventar və yüzlərlə 12 litrlik metal vedrə alışı ilə bağlı tender keçirib.

Yenicag.az xəbər verir ki, satınalma prosesi artıq başa çatıb, qalib təşkilat müəyyən olunub (“Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti)
və 206.330,08 AZN-lik müqavilə bu ay ərzində yekunlaşır. Burada söhbət nəzərdə tutulan xərclərdən yox, artıq reallaşan vəsait bölüşdürülməsindən gedir.

Məhz bu mərhələdə həmin tenderlə bağlı suallar daha da aktuallaşır. Rəsmi sənədlərdə alışın təyinatı “xidməti istifadə üçün geyim və təsərrüfat malları” kimi göstərilsə də, siyahıya və ehtimal olunan ümumi məbləğə baxanda real ehtiyacla xərclənən büdcə vəsaiti arasında ciddi uyğunsuzluq təsəvvürü yaranır. Xüsusilə də yüzlərlə metal vedrənin alınması, böyük sayda plaş və işarə jiletlərinin nəzərdə tutulması, iri həcmli otbiçənlər və digər ləvazimatlarla birlikdə ümumi dəyərin iki yüz min manatı aşması ehtimalı bu satınalmanın nə dərəcədə əsaslandırıldığı barədə suallar doğurur.

Kommunal xidmət üçün müəyyən sayda inventar və xüsusi geyim alınması, təbii ki, normal və zəruri prosesdir. Amma Xətai rayonunun real mənzərəsi – illərlə təmir olunmayan həyətlər, işıqlandırma və abadlıq problemləri, sakinlərin davamlı şikayətləri fonunda on minlərlə manatın vedrə, plaş və jiletlərə yönləndirilməsi “rayon rəhbərliyinin prioritetləri, doğrudan, düzgün seçilib?” sualını ön plana çıxarır. Daha da problemli məqam odur ki, tender sənədlərində bu sayların necə hesablandığı – neçə işçiyə, hansı normativə görə, neçə illik ehtiyat nəzərə alınmaqla – barədə açıq və ictimaiyyət üçün aydın izah yoxdur.

Tenderin qalibi olan şirkətlə bağlı mətbuatda bu alqı-satqı üzrə ətraflı şərh və ya şəffaflıq izahı, demək olar, görünmür. Şəffaflığın zəif olması və geniş ictimai izahın aparılmaması şübhələri artırır: nə üçün belə iri həcmli, məzmun etibarilə mübahisəli satınalma barədə nə rayon rəhbərliyi, nə də podratçı açıq şəkildə ictimaiyyətə hesabat verir?

Nəticədə ortaya belə bir mənzərə çıxır: Xətai MKTB-nin büdcədən yüz minlərlə manat vəsait ayırdığı tender formal olaraq qanuni prosedurdan keçib, qalib rəsmən müəyyən olunub, müqavilə də bu ay başa çatır. Amma həm alınan malların tərkibi və həcmi, həm də bu xərclərin rayonda insanların gündəlik həyatına təsir edən real problemlərlə müqayisədə prioritet kimi seçilməsi ciddi suallar yaradır. Bu sualların azı ikisinə cavab gözlənilir: bu qədər vedrə və xüsusi geyim üçün ehtiyac hesablaması haradadır və niyə Xətai sakinlərinin illərlə qaldırdığı həyət, məhəllə yolları, abadlıq problemləri eyni həssaslıqla, ən azı bu tender qədər operativliklə həll olunmur?!

Yazıda adı çəkilən qurumların mövqeyini yayınlaya bilərik.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa