“Ermənistan Rusiya siyasətinin maşasıdır”
Tamilla Qulami: “…erməni nümayəndə başını aşağı salıb məndən üzr istədi”
Xəbər verdiyimiz kimi, bu ay Litva Parlamentində Avropa Birliyi və Litva Xarici İşlər Nazirliyinin himayəsiylə 3 günlük Şərq Tərəfdaşlığı Proqramı Ölkələrinin Gənc Liderlərinin Akademiyası keçirildi. Bu tədbirdə Azərbaycanı təmsil edən gənclərdən 125-lər Siyasi Klubunun sədr müavini, Azərbaycan Ümid Partiyasının “Beynəlxalq Əlaqələr” şöbəsinin müdiri Tamilla Qulami təəssüratlarını YENİCAG.AZ-la bölüşdü.
– Tamilla xanım, səfəriniz necə keçdi?
– Bildiyiniz kimi 13-15 oktyabrda Litva Respublikasının ev sahibliyi ilə Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində Gənc Liderlərin Akademiyası baş tutdu. Azərbaycan Ümid Partiyası olaraq Litva Xarici İşlər Nazirliyindən rəsmi dəvətlə Vilnüsə yola düşdük. Akademiya 3 gün ərzində Litva Parlamentində Litva Prezident Aparatının rəhbəri (kansler), Parlament, Avropa Birliyi nümayəndələri, Şərq Tərəfdaşlığı ölkələrinin gənc siyasi liderlərinin təmsilçiliyi (Belorusiya, Moldova, Ukrayna, Gürcüstan, Ermənistan, Latviya) Şərq Tərəfdaşlığı proqramının inkişafı yolları, prioritetlər və risklər mövzusunda müzakirələr, fikir mübadilələri edildi. Ümumiyyətlə Azərbaycan Ümid Partiyası olaraq planlaşdırırıq ki, beynəlxalq təşkilatlarla aktiv işləyib beynəlxalq əlaqələrimizi genişləndirək. Partiyamızın xarici strategiyasının ana xəttini məhz digər ölkələrin xarici nazirlikləriylə region üçün aktiv olan mövzularda əməkdaşlıq və bunu aktiv şəkildə həyata keçirmək təşkil edir. Litvaya səfərim də məhz bu fəaliyyət çərçivəsində idi.
– Bu kimi forumların Azərbaycana nə kimi faydası var?
– Akademiyanın ilk günündə Litva Parlamentində Litva Parlamentinin üzvü, Gənc Liderlər Forumunun sədri Viktoriya Braziunayte, Vilnüs Universiteti, Beynəlxalq Əlaqələr və Siyasi Elmlər İnstitutunun nümayəndəsi Dr. Laurynas Kasciunas ilə “Siyasətçilərə peşəkar çağırış kimi” mövzusunda gənc siyasi liderlərin mövcud imkanlar çərçivəsində siyasətdə nəsillər qarşıdurmasının həlli yollarını müzakirəsi, parlamentin İctimai Əlaqələr, Rabitə və İnformasiya şöbəsinin müdiri Jolanta Anskitiene ictimai informasiya istehsalçılarının ictimaiyyətə məlumatların çatdırılmasının doğru və uğurlu vasitələrlə siyasi, iqtisadi, inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması əslində bu kimi forumlarda iştirak etməyin müsbət tərəflərindəndir. Gələcəkdə uğurlu siyasətçi olmağı qarşısına qoyan hər bir gənc dayanmadan öz üzərində işləməli, təkmilləşməli, siyasətdə mövcud vəziyyətlərin, oyunların keçmiş qaydalarından xəbərdar olmalı, yaşlı nəsillə uzlaşmasa belə, hər zaman onlardan öyrənməli və davamlı olaraq auditoriyayla əlaqədə olmalıdır. Bildiyiniz kimi Şərq Tərəfdaşlığı Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində postsovet ölkələri ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş təşəbbüsdür. Hamımız da bilirik ki, bütün bunlar Azərbaycan üçün vacib məsələlərdəndir.
– Sizinlə yanaşı düşmən ölkənin də nümayəndələri orada iştirak edirdi. Bir şəhid qızı kimi düşmən ölkənin vətəndaşları ilə eyni konfransda iştirak etmək necə bir təsir bağışladı?
– Hər kəsə məlumdur ki, Cənubi Qafqazda baş verən bütün problemlərin qaynağı Rusiyadan gəlir. Təəssüflər olsun ki, bəzi region dövlətləri, etnik-milli azlıqlar bu həqiqəti anlamadan Rusiyanın siyasətinə maşa olur. Ən başda da Ermənistan. Məgər Avropa və ya digər dövlətlər inanır ki, Ermənistan təkbaşına Azərbaycanın 20%-ini işğal edərək məğlub edib? Bu tipli bəyanat və mövqelər inandırıcı deyil axı. Gözümüzün önündə siyasi, ideoloji, hərbi çəkişmələri geridə qoyub tarixin yeni səhifəsini açmış Avropa Birliyi modeli var. Forumda çıxışımda da bu mövzudan çıxış etdim. Cənubi Qafqaz ölkələri Rusiya sayəsində bir-biri ilə müharibəyə cəlb olunub. Tarixə dərindən nəzər yetirsək görərik ki, Qafqaz xalqlarının arasına savaş salan, bölücülük, separatizm doğuran faktorlardan biri Rusiyadır. Rusiya bu gün ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağa yönəlik siyasət sərgiləyib, bu problemi həll edən tərəf kimi özünü göstərir və öz qoşunlarını sülhməramlı qüvvələr adıyla Dağlıq Qarabağa yerləşdirmək, bu bölgəni Cənubi Qafqazda özünün mərkəzi bazası elan etmək niyyətindədir. Ermənistan tərəfi isə ya elə bilir, ya da elə bilmək istəyir ki, Rusiya ona gerçək himayəçidir. Düşünmür ki, qonşularla bu şəkildə münasibət onları region dövlətlərindən, iri iqtisadi layihələrdən, yeni bazar münasibətlərindən kənarda saxlayıb tək Rusiyadan asılı edir. Foruma gələn Ermənistan təmsilçiləri bu düşüncələrlə gələn nümayəndələr idi. Deyə bilərsiz ki, ermənilər hər yerdə özünə nə sərf edirsə onu da edir, onu danışır. Nümayəndələrdən biri Stepan Avetisyan çıxışımdan sonra bu mövzuda mənimlə söhbətdə bildirdi ki, əslində Rusiyayla bağlı o da elə düşünür və Cənubi Qafqaz Birliyinin tərəfdarıdır. Söhbətimiz əsnasında niyə bizim, Azərbaycanın onlara hələ də nifrət etdiyini soruşdu. Mənə deyir ki, anlayıram, ölkələrimiz arasında bəlkə də dönüü olmayan konflikt baş verib amma bu o demək deyil axı biz gənc nəsil bir-birimizə nifrət etməliyik. Bizlər əslində sülhün, qardaşlığın tərəfdarı olmalıyıq. (Bu müsahibəni oxuyanlar arasında mütləq erməni yenə də hiyləgərliyini edir fikirlərini səsləndirəcək, bilirəm amma dediyini söyləyirəm) Siz isə bizimlə bir yol getmək istəmirsiniz. Ona bir kəlmə cavab verdim ki, mənim atam Qarabağda ermənilər tərəfindən qətlə yetirilib. Amma mən sənlə yol gedib, söhbət edirəm. Bir anlıq donub qaldı. Başını aşağı salıb üzr istədi, baş sağlığı verdi. Xarici İşlər Nazirliyinin bizim üçün ayarladığı otelə qədər bir kəlmə də kəsmədi. Sabahısı gün Azərbaycandan olan, foruma birlikdə getdiyim Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının Gənclər Siyasəti Konsepsiyasının müəllifi, Gənclər Forumunun vitse-prezidenti Yeganə Hacıyevaya demişdi ki, Tamilla mənə atasının şəhid olduğunu deyəndə az qaldı hönkürüb ağlayım, çox utandım. Bax, belə. Nə deyim? Mən vətəni, milləti sevməyi, vətənçün borcu qarşıma çıxan hər hansısa bir erməninin üzünə şillə vurmaqla yerinə yetirməyin doğru olmasını sananlardan deyiləm. Mənimçün vətənini layiqli şəkildə təmsil edən o kəsdir ki, bizi özünə düşmən sayan, bizim savadlı olmadığımızı, cahil olduğumuzu düşünənlərə öz ağıl, cəsarət, insanlığımızı sübut edən, həqiqətən də bu millətə inkişaf etməsi yollarında yardımçı olandır. Atasızlığın, müharibənin də nə demək olduğunu bilirəm. XXI əsrdə yaşayırıq, məgər bunları dərk etmək bu qədər çətindir? Bizi müharibəyə cəlb edən, buna uyan tərəflər aramıza elə düşmənçilik toxumu səpib ki, bu həqiqətlər görmək, qəbul etmək bu gün psixoloji cəhətdən bizə çətin gəlir. Mütləq qisas almalıyıq, müharibə etməliyik yanğısıyla əsib-coşuruq. Amma müharibə problemlərdən çıxış yolu deyil. Müharibə saysız-hesabsız itkidir, qaçqınlıq, aclıq, bədbəxtliklərin başlanğıcıdır. Mən isə bundan sonra heç bir uşağın atasız qalmasını istəmirəm.
-Avropa ölkəsindən Azərbaycan necə görünür?
– Azərbaycan varlı, qayğısız, iqtisadiyyatı güclü olan bir dövlət kimi görünür. Onlara elə gəlir ki, bizim problemimiz ancaq siyasi qüvvələr arasında olan problemlərdir. Neft ölkəsi olmağımıza baxmayaraq millətin sosial problemlərinin olmasından xəbərləri belə yoxdu. Əlbəttə ki, bu fikirlər Litvadakı forumun iştirakçılarının fikirləridir. Ən azından postsovet ölkələri olaraq bizim ölkəni özlərindən üstün sayırlar. Bakını ümumiyyətlə çox sevirlər. Bakı gözəl və varlı şəhərdir. Litvalı bir dostumuz Bakını gözəlliyinə görə (öz baxış açısından) ikinci Dubay adlandırdı. Amma bir şeyin fərqinə vardım ki, Azərbaycan-Ermənistan konflikti demək olar ki, onları maraqlandırmır. Cənubi Qafqaz Birliyi mövzusunda çıxış edərkən sakitcə dinlədilər, Qarabağ məsələnin üzərindən müzakirələ etmədilər. Rəsmilərin istəyi budur ki, biz ancaq sülh və barış üzərindən hərəkət edək. Keçmişdə baş verənləri unudaq. Amma bir təsəlliverici məqam da var idi ki, ermənilərdən başqa iştirak edən qonşu nümayəndələr Qarabağ həqiqətlərindən, xüsusilə litvalı, gürcü, ukraynalı gənclər bizim ölkənin işğala məruz qalmasından xəbərdardır. Biz Ümid Partiyası olaraq qeyd edirik ki, əslində dondurulmuş konfliktlər, atəşkəslər əbədi deyil, silahların yenidən atəş açmaması üçün əl-ələ verib hamımızın ümumi evi olan Cənubi Qafqaza sülh, barış gətirməliyik. Bu istiqamətdə Türkiyə, Avropa Birliyi ilə iş görməli, bu proyektə donorluq edə biləcək təşkilatlarla iş birliyi qurmalıyıq. Cənubi Qafqaz xalqları da strateji düşünməli, alqlarının gələcəyi naminə yaxın qonşuluq siyasətini, dinc yanaşı yaşamanı, beynəlxalq hüququq, dövlətlərin ərazi bütövlüyünü, xalqların etnik-milli haqlarına dövlətləri çərçivəsində hörmətlə yanaşma kursuna riayət etməlidir.
– Sərhəddə deyəsən problem yaşamışdınız. Sizi bu qədər əsəbləşdirən nə idi?
– Təəssüflər olsun ki, yaşadıq. Facebook profilimdə bununla bağlı belə bir status da yazmışdım. Müstəqil ölkənin vətəndaşı olan, amma hələ də quldarlığa öyrəşmiş millətimin bir-birilə qul kimi danışması… Sənin sərhəddə dayanan, təhlükəsizliyini “qoruyan” sərhədçin elementar insani davranış qaydalarını bilmirsə… Yazığım gəlir sənə, ay Vətən… Gerçəkdən də sərhəddi keçəndə düşünürsən ki, vətənə ayağını basacaqsan, dərindən bir nəfəs alıb, vətənə gəlməyinə sevinəcəksən. Amma xəyal qırılığına uğramağın heç ağlına gəlməyəcək. Gürcüstandan Azərbaycana keçərkən yaşadıq bu problemi. Cavan əsgərdi, pasport kontrolunda işləyən gənc rütbəli şəxs vətəndaşlarla etika qaydasını, mədəni davranışı bilmirsə, hara gedirik bəs biz? Bizlər axı bu ölkənin təmsilçiləriyik. Əlbəttə ki, bu problemləri dilə gətirən yeganə insan deyiləm. Məndən öncə də bu hallarla qarşılaşanlar, bu problemi səsləndirənlər olub. Sadəcə ümid edirəm ki, bir gün gerçəkdən də bu işə baxan orqanların sözün əsl mənasında bu işə baxacaqlarını ümid edirəm.
Söhbətləşdi:
Səid Həkimoğlu
Yenicag.az