“ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinin əks sədası hələ uzun müddət müzakirə ediləcək”.
Bu sözləri politoloq Aytən Qurbanova Yenicag.az-a şərhində bildirib.
O, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı addımların atılması və ABŞ ilə strateji tərəfdaşlıq xartiyasını imzalamasından sonra hakim partiya deputatlarının Baş nazir Nikol Paşinyanla görüşmək istəməsinin pərdərarxası məqamlarıan toxunub.
“Belə hesab etmək olar ki, ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinin əks-sədası hələ uzun müddət müzakirə ediləcək. Çünki Cənubi Qafqazda Rusiyanın hərbi varlığının de-fakto icraçısı qismində çıxış edən Ermənistan bu gün Qərbə inteqrasiya xəttini seçdiyini bəyan etməsi ciddi nəticələri özündə ehtiva edir. Təbii ki, bu addımın Rusiya tərəfindən sükutla qarşılanacağı gözlənilmirdi. Hətta “uzun müddətdir Rusiya niyə Ermənistanın addımlarına səssiz qalır” sualı əsas müzakirə mövzusuna çevrilmişdi. Amma ilk gündən məlum olan əsas məsələ o idi ki, Ermənistanın Qərbyönümlü siyasəti ilə bağlı sözlü bəyanatlar əməli addımlarla müşayiət olunsa, Rusiya üçün bu qəbul edilməz “qırmızı xətt” hesab oluna bilər. Ehtimal edildiyi kimi, Rusiya, eləcə də Ermənistan daxilindəki Rusiyayönümlü siyasətçilər artıq “narahatlıqlarını” ifadə etməyə başlayıblar. Belə ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasını təmsil edən deputatların bir çoxunun bu məsələ ilə bağlı Paşinyanla təcili görüşmək istədikləri iddia olunur. Xüsusilə də Avropa İttifaqına üzvlük məsələsinə Rusiyanın mövqeyinin ənənəvi şəkildə sərt ritorika ilə ifadə olunması Ermənistanın hərbi-siyasi hakimiyyəti daxilində də narahatlıqları artırıb”.
A. Qurbanova hesab edir ki, Ermənistanın Rusiya himayəsindən qurtulub Amerikaya siyasi inteqrasiya olunması qəliz olduğu qədər də risklidir:
“Nəticə etibarilə, Ermənistanın Rusiyanın çətirindən imtina edib Qərbin çətiri altına keçmək xəyalları heç də asan proses ola bilməz. Tarixi analoji hadisələrə nəzər yetirdikdə, Rusiyanın adekvat addımlar atacağı ilə bağlı ehtimallar heç bir halda istisna edilmir. Ona hörə də hadisələrin gedişatı onu deməyə əsas verir ki, Ermənistanın düşünülməmiş addımları nəticəsində Cənubi Qafqaz regionu ciddi hadisələrin astanasında ola bilər”.
Nurlan Cəfəri
www.yenicag.az