Ermənistanda seçki qabağı gərginlik: “Hakimiyyətə kim gəlirsə-gəlsin… “
“Ermənistanda keçiriləcək seçkilərdə revanşistlərə qətiyyən meydan vermək olmaz!”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Deputat Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyası dövründə Azərbaycanla gələcək işgüzar əlaqələrin qurulma ehtimalı barədə verdiyi bəyanatları şərh edib:
“Paşinyanın seçki platformasını açıqlayarkən ölkəmiz haqqında səsləndirdiyi fikirlər diqqətçəkəndir. O, sülh gündəmini və ölkələrimiz arasında sülh müqaviləsinin imzalanmasından sonra yüksək qonşuluq münasibətlərinin qurula biləcəyini qeyd edib. Bu açıqlamalar Paşinyanın seçki kampaniyasında məhz sülh gündəminə və pozitiv ruha söykənmək istəyindən irəli gəlir. Bir tərəfdən biz bunu dəstəkləyirik. Çünki Ermənistandakı seçki prosesində revanşistlərə meydan vermək yox, yalnız sülh gündəmini irəlilətmək lazımdır.
Hazırda dünya erməniçiliyinin diaspor təşkilatları və ‘Daşnaksütun’ ideologiyasına xidmət edən radikal qrupların fəaliyyəti əvvəlki kimi güclü olmasa da, onlar hələ də fürsət tapdıqca sülh prosesinə mane olmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar. Eyni zamanda, kənar dairələrin maraqlarına xidmət edən erməni kilsəsi də Azərbaycanın ərazi bütövlüyünə qarşı provokativ bəyanatlar verməklə revanşist qüvvələri öz arxasınca aparmağa cəhd edir. Bundan əlavə, Rusiyaya bağlı olan və xalqımıza qarşı hərbi cinayətlərdə ittiham olunan Köçəryan, Sarkisyan kimi fiqurlara, eləcə də biznesmen adı altında digər ölkələrin agenturasına xidmət edən Samvel Karapetyan kimilərə seçki kampaniyasını yanlış istiqamətə yönltmək üçün fürsət verilməməlidir”.
T. Gəncəliyev revanşist qüvvələrə və müharibə tərəfdarı olan provokatorlara meydan verməyin təhlükəli nəticələrini xatırladaraq, Paşinyanı ehtiyatlı olmağa çağırıb:
“Paşinyanın sülh bəyanatlarını müsbət qiymətləndirmək olar. Bu, Ermənistanın artıq müharibəyə həvəsli olmadığını göstərmək cəhdidir, lakin biz real nəticəni Ermənistan xalqının seçimlərində görəcəyik. Ermənistan toplumu 30-40 il boyunca revanşistlərə səs verdi və bunun nəticəsində dəfələrlə Azərbaycana qarşı müharibə aparıldı, lakin ən böyük zərbəni elə erməni xalqı özü aldı. Ona görə də bu təhlükəli ideyalar kənara atılmalıdır. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, sülh gündəminə uyğun siyasət aparılması hər kəsin marağındadır. Biz Azərbaycan olaraq Ermənistandakı revanşistlərin fəaliyyətini diqqətlə izləməli, onlara yeni bir fürsət verilməsinə imkan verməməliyik. Regionu yenidən müharibə və dağıntılara sürükləmək olmaz. Bu reallığı bütün Cənubi Qafqaz miqyasında nəzərə almalı və siyasətimizi məhz bu istiqamətdə formalaşdırmalıyıq”.
Nurlan Cəfəri













