Ermənistanda “söyüş hakimiyyəti” – Paşinyan niyə ağzının sözünü QANMIR?
Ermənistan Milli Məclisində son günlərdə qalmaqallı və təhqiramiz ifadələrin səsləndirilməsi ölkə ictimaiyyətində geniş rezonansa səbəb olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı, keçmiş səhiyyə naziri Arsen Torosyan parlament iclasında sərt və qeyri-etik ifadələr işlədib:
“Kim bizi – məni, komandamı və ya hər hansı bir insanı təhqir edirsə, onun da, atasının da, ailəsinin də …”
Torosyanın bu ifadələrinin parlamentdə qınaqla qarşılanmasına baxmayaraq, məsələ bununla yekunlaşmayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə növbəti gün sosial şəbəkələrdə paylaşdığı açıqlama ilə qalmaqalı daha da dərinləşdirib. O, şəxsi sosial platformasında ünvanı dəqiqləşdirilməyən bir din xadiminə qarşı açıq-aşkar təhqiramiz ifadələr işlədib:
“Əziz keşiş, get əmioğlunun arvadını …, mənimlə nə işin var?”
Nəşr yazır ki, Paşinyanın bu sərsəm və əxlaqa zidd çıxışı kəskin tənqidlərə yol açıb. Müşahidəçilər bu davranışın məqsədinin ictimaiyyətin diqqətini ölkədəki sosial və siyasi narazılıqlardan yayındırmaq olduğunu bildirirlər. Son 7 ildə Baş nazir kimi fəaliyyət göstərən Paşinyan vəd etdiyi islahatları reallaşdıra bilmədiyi, korrupsiyalaşmış keçmiş rejimlə mübarizədə nəticə göstərmədiyi, İkinci Qarabağ müharibəsində ölkəsini məğlubiyyətə uğratdığı və minlərlə gəncin həyatına son qoyduğu üçün ictimai etimadı sürətlə itirib.
Hazırda reytinqi demək olar ki, “sıfır nöqtəsinə” düşən Baş nazir yeni siyasi manevrlərlə vəziyyəti dəyişməyə çalışır. Mütəxəssislərin fikrincə, Paşinyan artıq müxalifəti hədəfə almağın effekt vermədiyini anlayaraq, indi də Ermənistan Apostol Kilsəsini və din xadimlərini hədəfə götürür. Onun “sədrəzam” kimi konkret ad çəkmədən səsləndirdiyi ittihamlar daha sonra isə Ali Dini Rəhbərin şəxsən hədəfə alınması seçkiyə hesablanmış populist addım kimi dəyərləndirilir.
Lakin bu cəhd gözlənilən effekti verməyib. Paşinyanın son çıxışı yalnız dindarlar arasında deyil, neytral mövqe sərgiləyən ictimaiyyət nümayəndələri tərəfindən də kəskin şəkildə pislənib. Ekspertlər hesab edir ki, bu, hakimiyyətin seçki ərəfəsində atdığı, lakin özünü ifşa edən uğursuz bir addımdır.
Rafi Müslümov