Ermənistanın dönüş nöqtəsi: Seçki nəticələri ölkəni Rusiyadan qopara biləcəkmi?
“Ermənistan üçün qarşıdakı aylar çox gərgin keçəcək.”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Məmmədov bildirib.
Z. Məmmədov Ermənistanda keçirilən seçki nəticələri haqqında fikirlərini bölüşüb:
“Ermənistanda 7 iyun 2026-cı il parlament seçkiləri təkcə hakimiyyət uğrunda növbəti siyasi mübarizə deyil, ölkənin gələcək geosiyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Seçkilərin nəticələri göstərdi ki, Ermənistanda vəziyyət təxminən Moldova və Gürcüstandakı kimidir. Cəmiyyət faktiki olaraq iki hissəyə parçalanıb. Əhalinin daha praqmatik hissəsi Paşinyanı dəstəkləyib və Ermənistan cəmiyyətinin təxminən yarısı Nikol Paşinyanın təklif etdiyi Avropaya inteqrasiyaya, sülh və transformasiya gündəliyinə üstünlük verib.”
Seçkinin nəticələrinə qarşı Rusiyanın hansı addımlar atacağı sualına Z. Məmmədov belə cavab verib:
“Hələ heç nə bitməyib. Qarşıdakı aylar gərgin olacaq. Gürcüstan nümunəsi göz qabağındadır. Ona görə də birmənalı şəkildə Ermənistandakı bütün proseslərə son nöqtəni qoymaq hələ tezdir. Faktiki olaraq, bundan sonrakı proseslər Ermənistanın qonşu dövlətlərlə münasibətlərindən asılı olacaq. Azərbaycan qarşısında götürülmüş öhdəliklər var və bu öhdəlikləri yerinə yetirmək lazımdır. Həmçinin ABŞ-ın yanaşmasından da çox şey asılı olacaq.”
Nurlan Cəfəri













