“Ermənistan istəyir ki, Rusiyadan təhlükəsizlik, Qərbdən də maliyyə qarantı alsın”.
Bunu Paşinyanın Makron gedişi, Azərbaycanın görüşdən imtina etməsi fonunda Avropa Birliyi masasının sıradan çıxma ehtimalını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
Elşad Musayev bildirib ki, Ermənistanın vaxt uzatmaq üçün hər cür oyun oynayacağı gözlənilən idi:
“Paşinyanın nə istədiyinə baxmaq lazımdır. Ermənistan Baş naziri vaxtı uzatmaq istəyir. İndi əlinə Makron bəhanəsi düşüb. Paşinyan istəyir ki, görüş baş tutmasın, vaxt itsin. Ona görə də burada qeyri-adi heç nə yoxdur.
Digər tərəfdən, bu, ermənilərin ənənəvi siyasətidir. Onlar heç vaxt təkbaşına məsələ həll edə bilməyiblər. Onlar kimlərdənsə istifadə edirlər, kiminsə arxasına gizlənib daş atırlar, silah atırlar. Bu da növbəti mərhələdir.
İki ölkə arasında danışıqlar üçün üç masa vardı – Moskva, Vaşinqton və Brüssel. Onlar çalışırdı ki, ATƏT-in keçmiş Minsk qrupunu yenidən prosesə qoşsunlar. Bu da alınmadı.
Ermənistan məğlub olsa da, siyasi gedişlərlə hədəflərinə çatmaq istəyir. Ermənistan istəyir ki, Rusiyadan təhlükəsizlik, Qərbdən də maliyyə qarantı alsın. Hərənin öz maraqları var”.
Səxavət Məmməd
www.yenicag.az