Keçmiş müdafiə naziri Rəhim Qazıyev Yeniçağ.Az-a geniş müsahibəsində Şuşa və Laçının işğalının səbəbləri haqqında ətraflı danışıb.
– Şuşanın işğalından təqribən 10 gün sonra Laçın da itirildi. Bu müddət ərzində Laçının müdafiəsini təşkil etmək niyə mümkün olmadı?
– Əvvəla, o dövrdə görülən işlərə nəzər salınsa, bilinər ki, biz həmin vaxt müdafiə mövqeyində olan imkanlarımızı heç vaxt zəiflətməmişik, Laçının müdafiəsi ilə bağlı zəruri tədbirləri görmüşük. Ancaq çox təəssüf ki, bu gün bir çoxları o dövrdə baş verənlərin, görülən tədbirlərin dərinliyinə varmaq istəmirlər. Ona görə istəmirlər ki, bu məsələdə bir çox siyasi maraqlar toqquşur. Bu baxımdan, 25 il əvvələ aid həqiqətlərin üzə çıxması nə indiki hakimiyyətə, nə də müxalifətdəki müəyyən qüvvələrə sərf etmir. Bununla bağlı cinayət işi, 11 min səhifədən ibarət ibtidai-istintaq sənədləri var, 1994-95-ci və 2002-03-cü illərdə iki məhkəmə prosesi keçirilib. Yəni materiallar və videosüjetlər var. Çox acınacaqlı haldır, əksəriyyət başa düşmək istəmir ki, bir ölkə müharibə kimi faciə ilə üzləşibsə, xalq və hakimiyyət o bəlaya qarşı birgə mübarizə aparmalıdır. Şuşa və Laçın işğal ediləndə Müdafiə Nazirliyi cəmi 6 ay idi ki yaranmışdı. Azərbaycanda mövcud olan SSRİ-nin IV ordusu və onun tərkibindəki hərbi hissələr artıq Rusiyaya, Moskvaya tabe idi. O vaxtkı prezident Ayaz Mütəllibov 1991-ci ilin oktyabrında Azərbaycandakı Sovet ordusunun əmlakının milliləşdirilərək, Müdafiə Nazirliyinin yeni hərbi birləşmələrinə verilməsi haqqında fərman imzalamışdı. Mən 1992-ci il martın 18-də müdafiə naziri təyin olunanda bu vəzifəyə gətirilən 4-cü nazir idim. O fərmanda göstərilirdi ki, həmin vəzifənin icrası Nazirlər Kabinetinə, baş nazirin müavinlərinə tapşırılsın. Mən nazir kimi fəaliyyətə başlayanda Müdafiə Nazirliyinin indiki binasında cəmi dörd-beş otaqda yerləşmişdik. Bakıdakı Ali Ümumqoşun Komandirlər Məktəbi də oranın rəisi Kovalyov tərəfindən onun öz təşəbbüsü ilə bizə təhvil verilmişdi. Bir də Şıx şəhərciyində dağıdılmış bir kazarma vardı, vəssalam – bizə başqa heç nə verilməmişdi. Müdafiə Nazirliyinin təlim görmüş bir bölüyü belə yox idi. Bu vəziyyətdə batalyon, briqada və ya korpusdan heç söhbət gedə bilməzdi.
Bütün bunlarla yanaşı, ölkədə hakimiyyət böhranı yaranmışdı. 1992-ci il aprelin 20-dən başlayaraq, Şuşanın və Laçının işğalına – təqribən mayın 18-nə kimi Ali Sovetin qarşısında oturaq aksiyalar keçirilirdi. Əvvəlcə Heydər Əliyevin, daha sonra isə Ayaz Mütəllibovun tərəfdarları ora toplaşmışdılar. Sonda isə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə o aksiyalar dayandırıldı. Bunları xatırlatmaqda məqsədim odur ki, hər kəs o dövrdə Müdafiə Nazirliyinin nizami hərbi hissələrinin hələ yaradılmadığını, anbarlarda silah-sursatın olmadığını, hərbi tribunal və səhra məhkəmələrinin formalaşdırılmadığını bilsin.
– Mən yenə sualıma qayıdıram. Laçının müdafiəsi istiqamətində konkret hansı addımlar atıldı?
– Deməli, o zaman ilk olaraq Şuşa Bakıda gedən siyasi oyunların qurbanı oldu. Şuşanın işğalından sonra mən təcili Moskvaya uçdum və Rusiyanın yeni təyin olunmuş müdafiə naziri Pavel Qraçovla görüşüb, ondan hərbi texnika istədim. O da elə mənim yanımda IV Ordunun komandanı general Popova zəng etdi və dedi ki, Göytəpədən ( o vaxtkı Prişib – red.) Rəhim Qazıyevə 10 tank və 10 BMP ver. Popov cavab verdi ki, o sayda texnika verilə bilər – ancaq bu məsələnin həlli 3-4 gün çəkəcək, çünki o hərbi texnika konservasiyadadır, birinin də üstündə akkumlyator, batareya yoxdur. Mən o anda söhbətə qarışaraq Popova dedim ki, sən narahat olma, mənim müavinim ora gələcək və həmin məsələləri həll edəcək. Bu iş operativ qaydada həllini tapdı. Artıq mayın 11-də o sayda hərbi texnika tam işlək vəziyyətdə dəmiryol platformasında xüsusi vaqonlara yükləndi. Müavinim, rəhmətlik Vahid Musayevə dedim ki, mənim əmrimi o zaman Baş Qərargah rəisinin I müavini olan, daha sonra 18 il müdafiə naziri işləmiş Səfər Əbiyevə çatdırsın və o da mən nazir keçəndən sonra Beşbarmaq tərəfdə yeni yaratdığımız 5 reyd dəstəsindən birini götürərək (hər dəstədə 100 əsgər vardı) Göytəpəyə, dediyim 20 ədəd tank və BMP-ni gətirməyə getsin. Onlara tapşırdım ki, lazım olan akkumlyatorları Dövlət Təchizat Komitəsindən götürsünlər. Orada da olmasa, yolda qarşılarına çıxan KamAz və digər maşınlardan akkumlyatorları çıxarıb texnikaya yerləşdirin. Bu məsələ həll olundu, dəmir yolunda xüsusi koridor yaradıldı və o texnika yola salındı – eşelonu Zəngilana qədər heç yerdə saxlamadılar. Lakin ayın 12-si Zəngilanda vaqonlardan boşaldılan texnikanın səkkizi yerindən tərpənmədi. Araşdırdıqda məlum oldu ki, həmin texnikaların mühərrikindəki naqillər kəsilib. Yəni açıq-aşkar xəyanət baş vermişdi.
– Bunu sizə xəbər verdilər?
– Bunu mənə deyəndə, inanın, az qala dəli oldum. Səfər Əbiyevə əmr verdim ki, qalan texnikanı da götürüb getsin Laçın istiqamətinə. Baş Qərargah rəisinin I müavini olan polkovnik Səfər Əbiyev də 10 kilometr gedəndən sonra Zəngilanla Qubadlı arasında 12 texnikanı və 100 əsgəri qoyub qaçır. Mən bununla bağlı cinayət işi açılmasına və onun işdən azad olunmasına əmr verdim. Ancaq cəmi bir neçə il sonra o adam oldu general-polkovnik və 18 il müdafiə naziri işlədi. Yəni min əziyyətlə alıb, ora göndərdiyimiz texnika Laçına çatdırılmadı. Ondan başqa, öz imkanlarımız hesabına da o istiqamətə xeyli texnika, sursat, canlı qüvvə göndərmişdik. İstintaq materiallarına baxanda, Laçının işğal olunmasının səbəbləri haradasa aydın olur. Bir qism ifadə verib ki, Ayaz Mütəllibov təkrar hakimiyyətə qayıtdığı üçün daha vuruşmuram. Digər qism isə bildirir ki, Mütəllibov hakimiyyətdən getdiyi üçün döyüşmürəm. Yəni cəmi alti-yeddi ay əvvəl yaradılmış Müdafiə Nazirliyinin içində kifayət qədər təxribatlar var idi. Əgər o zaman Laçındakı komandirlər vicdanla, namusla hərəkət etsəydilər, əllərində olan texnika və canlı qüvvə ilə Laçının müdafiəsini ən yüksək səviyyədə təşkil edə bilərdilər. Bundan başqa, istintaq materiallarında da göstərilib ki, Şuşanın işğalı ərəfəsində – aprelin 29-dan sonra Laçına 600-a qədər qoşqulu yük maşını gəlib. Bu, cinayət materiallarında göstərilmiş bir faktdır – nağıl danışmıram. Əhali arasında əvvəldən panika yaradılıb. Yəni Şuşa hələ bizdə olarkən, orada döyüş başlamadan əvvəl Laçında artıq əhalini təşvişə salırdılar. Bütün bunların arxasında xəyanət dayanır. İki məhkəmə keçirilsə də, o ifadələr nə araşdırılmayıb, nə də hüquqi qiymətini almayıb. Məsələn, mən o vaxt polkovnik-leytenant olan briqada komandiri Elbrus Orucovun Şuşanı qoyub çıxmasına əmr verməmişəm. Bunu Elbrus özü də təsdiq edir, istintaq da, məhkəmə də… Ancaq Şuşanı özbaşına tərk edən Elbrus daha sonra general rütbəsi aldı, müdafiə nazirinin müavini oldu, bir neçə ölkədəki səfirliyimizdə hərbi attaşe işlədi, Baş Qərargahda Əməliyyat İdarəsi kimi mühüm bir sahəyə rəhbər gətirildi… Sizi bir ifadə ilə tanış edim: Cild 13, səhifə 72: Laçın sakini Cabbarov Zakir Cabbar oğlu ifadəsində göstərib ki, “mayın 6-da rayona böyük bir kolon KamAz maşınları gəlib . Onların sürücüləri mal aparmağa gəldiklərini bildiriblər. Əllərində firmenni blanklar vardı. İmza Abdullayevin idi. Ancaq hansı Abdullayevin, bilmirəm. O maşınlar rayon əhalisini çox böyük təşvişə saldı”. İndi siz deyin, o vaxt 600 maşın Laçından nə apara bilərdi? Başqa misal, Cild 11, səhifə 188: Kərimov Akif İsmayıl oğlu – Laçın Daxili İşlər Şöbəsinin rəisi işləyib, sonralar rayonun icra başçısı oldu. Baxın, o nə deyib: “Əvvəlki ifadəmdə dediyim kimi, hələ mayın 6-da mən bir maşın karvanını geri qaytardım”. Bunu deyir, ancaq demir ki, o maşınların nə məqsədlə gəldiyi niyə araşdırılmayıb… Başqa ifadələrdə də onlarla, yüzlərlə belə fakt var, ancaq onları heç kim araşdırmır. Ortada isə tək bir nəfər var: Rəhim Qazıyev.
– Yəni anladığıma görə Laçının müdafiəsi üçün hərbi planda tələb olunan bütün zəruri tədbirlər görülüb…
– Siz o vaxt reyd dəstəsinin komandiri olan Qənizadənin ifadəsinə baxsaz, tükünüz biz-biz olar. Deməli, orada, Şuşa ilə Turşsuyun arasında Böyük Kirs adlı çox strateji yüksəklik vardi. Ermənilər oranı tutmuşdular. Ancaq Laçından gələn bölük erməniləri ordan vurub çıxartdı. Qənizadə daha sonra Kiçik Kirs adlı yüksəkliyi ermənilərdən təmizləmək istəyəndə, Elbrus Orucov ona əmr göndərir ki, nəinki Kiçik Kirsi azad et, hətta Böyük Kirsi də qoy çıx. Guya ermənilər gəlib, onu mühasirəyə alacaqmış. Bunları araşdıran yoxdur. Mən hər hansı məsuliyyətdən kənarda qalmaq fikrində deyiləm. Ədalətlə araşdırın, həqiqəti çıxarın ortaya. Görün, mənim üç gülləm olub, onun ikisini cəbhəyə göndərib, birini gizlədib saxlamışam? Mayın 16-na kimi Şuşa –Laçın istiqamətinə 40-dan artıq zirehli texnika, 17 ədəd BM-21 “Qrad” qurğusu və başqa atıcı silahlar göndərilib. Cild 2, səhifə 139-da 777 saylı alayın kəşfiyyat rəisi Kərimov Azay Ələsgər oğlu Şuşadakı canlı qüvvənin sayını göstərib. Deyim ki, o hərbi hissənin komandiri Elçin Məmmədov, qərargah rəisi isə indi general-leytenat olan milli qəhrəman Rövşən Əkbərov idi. İfadədə göstərilib ki, Şuşada Cəfərov Fəxrəddinin batalyonunda 200 nəfər, Tofiq Oğuzun komandiri olduğu “Azərbaycan Qarabağı” batalyonunda – 500 nəfər, rəhmətlik Ramiz Qəmbərovun batalyonunda 120 nəfər, Yevlax batalyonunda da təxminən 170-180 nəfər döyüşçü vardı. Texnikanın sayına baxaq: 3ədəd T-72 tankı, 5 BMP-1, 4 BMP-2, 2 BTR və 2 BRDM. BMP-2-lərdən biri istisna olmaqla, qalan texnika saz vəziyyətdə idi. Bu texnikalar üçün kifayət qədər mərmi, sursat vardı. Ondan başqa 2 ədəd BM-21 “Qrad” qurğusu və külli miqdarda mərmi, 6 ədəd doludağıdan 100 millimetrlik top və 2 ədəd hərbi 100 millimetrlik top yerləşdirilmişdi. Bu qurğular üçün də mərmi ehtiyatı kifayət qədər idi. Eyni zamanda, yetərli sayda minamyot, zenit pulemyotları, 30 dəst gəzdirilən zenit-raket kompleksləri və qumbaraatanlar vardı. Necə olur ki, bu qədər silah-texnika ola-ola mayın 8-də Şuşanın boşaldılmasına əmr verilib? Bu xəyanətə görə də heç kəsə bir söz deyilmir. O zaman prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi olmuş keçmiş ədliyyə naziri Əlisahib Orucovun ifadələri də təsdiqləyir ki, mayın əvvəlində Şuşanın işğalı gözlənilirdi. Orucov bu barədə Şuşanın icra başçısı Nizami Bəhmənova desə də, o hər dəfə bildirirmiş ki, şəhər müdafiəyə hazırdır, narahat olmayın (Orucovun ifadəsindən uzun bir hissəni oxuyur – red.).
Etiraf etmək istədiyim bir məqam var. Mayın 3-də Laçındakı 811 saylı hərbi hissənin Şuşadakı briqadaya tabe olması haqqında Baş Qərargahın rəisi, general mayor Şahin Musayevin hazırlayıb gətirdiyi 0151 saylı əmri imzalamışam.
– Arif Paşayevin alayı?
– Bəli. Yəni hər gün mənə imzalamağım üçün onlarla sənəd gətirilirdi. Mən də onların başlıqlarına baxıb, məzmunu ilə ümumi tanış olub imzalayırdım. 811 saylı hərbi hissə ilə bağlı əmrdə də alayın “perepodçinenie”sindən söhbət gedirdi – əmrin adı belə idi. Lakin əmrin əsas hissəsində alayın ləğvi nəzərdə tutulubmuş. O əmrlərin mətnini Baş Qərargahın müvafiq idarələri, o cümlədən Əməliyyat İdarəsindəki peşəkar zabitlər hazırlayırdılar. Yəni mənim obyektiv olaraq, bütün nüansları bilməyim mükün deyildi.
– Ancaq yenə də Şuşa və Laçının işğalı ilə bağlı hədəfə götürülən məhz sizsiz…
– Mən həmin vaxta aid vəziyyət haqqında real məlumat verdim, istintaq ifadələrini göstərdim. Nəzərə alın ki, o zaman baş verənlərin hamısını anındaca bilib, tədbir görmək imkanı yox idi. Həm də axı mən tək də deyildim. Təsəvvür edin, Şuşa və Laçının işğalı ilə bağlı Baş Qərargahın rəisi Şahin Musayevdən cəmi 12 səhifəlik ifadə alınıb və o, heç məhkəməyə də gəlməyib. Sanki bir aktyorun teatrıdır və bütün oyun da qurulub Rəhim Qazıyevin üzərində. Yaxşı, bəs Baş Qərargah, Əməliyyat İdarəsi, digərləri nə işlə məşğul olublar? Niyə ora göndərdiyim komandirlər döyüşü təşkil etmədən, meydanı qoyub qaçıblar, niyə hərbi texnikanı dərəyə aşırıblar? Bu xəyanəti anında bilmək çox çətindir. Mən bu məsələlərlə bağlı həqiqəti bilmək istəyənləri Dəyirmi Masaya dəvət edirəm. Çox istəyirəm ki, bütün bu məsələlər açılsın və xalq həqiqəti bilsin. İnanın, bunun üçün yenidən dəmir qəfəsə salınıb mühakimə olunmağa da razıyam. Bilirsiz, mən 12 il həbsdə qaldım. Bu qədər haqsız cəzadan sonra çəkilərdim kənara, deyərdim ki, heç nə danışmıram, heç bir suala da cavab vermirəm. Ancaq mən həqiqətin tam üzə çıxmasını istədiyim üçün bununla əlaqədar bütün müzakirələrə hazıram.
A.Zeynalov
Yeniçağ.Az
www.yenicag.az